Sabirabad rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsinin şəhid mayorları Şahlar Cəfərov və Anar Məmmədovun həyat yolundan bəhs edən “Zabit şərəfi” filminin təqdimat mərasimi keçirilib.  Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan RMİ-nin təşkilatçılığı ilə keçirilən tədbirdə müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, qazilər və mədəniyyət işçiləri iştirak ediblər.

Əvvəlcə icra başçısı Siraqəddin Cabbarov və hər iki şəhidin valideynləri çıxış ediblər. Sonra “Zabit şərəfi” filmi nümayiş olunub. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Mayor Şahlar Cəfərov 2020-ci il oktyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində, Anar Məmmədov isə oktyabrın 20-də Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

***

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS Mərkəzi Kitabxanasının əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidi Bəşir Abbasovun anım günü ilə əlaqədar Quba Şəhidlər xiyabanındakı məzarı ziyarət olunub, ailə üzvləri ilə görüş keçirilib.

***

Ağdam rayonunda Vətən müharibəsi şəhidi Qəşəm İbrahimlinin xatirəsi anılıb. Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatının nümayəndələri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları və məktəblilər Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında Qəşəm İbrahimlinin məzarını ziyarət ediblər.

Mərasimdə Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən danışılıb, şəhidlərin qısa, lakin şərəfli ömür yolunun hər bir azərbaycanlıya örnək olduğu bildirilib.

Qəşəm İbrahimli 1995-ci il dekabrın 20-də Ağdam rayonunun Xındırıstan kəndində anadan olub. Vətən müharibəsi zamanı oktyabrın 9-da Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

***

Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar Qılıncov və mədəniyyət işçiləri şəhid ailələrini ziyarət ediblər. Ziyarət zamanı müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində düşmən üzərində şanlı Zəfər qazanmasından danışılıb, şəhidlərimizin döyüşlərdə göstərdikləri şücaətdən söhbət açılıb. Bildirilib ki, şəhidlərimiz Vətən uğrunda canlarını fəda etməklə özlərindən sonra gələn nəsillər üçün gerçək qəhrəmanlıq, yurdsevərlik örnəkləri yaradıblar.

Lerik rayonunda şəhidlər Zahir Əliyev, İsgəndər Dövlətli və I Qarabağ müharibəsində itkin düşmüş Aqşin Dövlətovun ailələri ziyarət olunub. Görüşdə mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər. Şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı vurğulanıb.

N.Məmmədli