Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı oktyabrın 5-də yeni sənət mövsümünün açılışını edib.

Muxtar respublika mədəniyyət nazirinin müavini Həsən Seyidov çıxış edərək Naxçıvanda 140 illik tarixi olan peşəkar milli teatr sənətinin inkişafından, ölkəmizdə bu sahəyə dövlət qayğısında danışıb. Bildirilib ki, bu il Naxçıvan Dövlət Milli Dram Teatrında “Təməl”, eləcə də M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Sınaq” teatr-studiyaları yaradılıb.

Qeyd olunub ki, Naxçıvan Dövlət Milli Dram Teatrı yeni yaradıcılıq mövsümündə Xalq yazıçısı Elçinin “Şekspir” və J.B.Molyerin “Skapenin kələyi” əsərləri əsasında səhnələşdirilən tamaşalarla izləyicilərin görüşünə gələcək.

Naxçıvan MR-in Əməkdar artisti Səməd Canbaxşiyev xüsusi libasda səhnəyə çıxaraq nağılçı üslubunda Naxçıvan teatrının yaranmasından, milli ziyalıların teatrın inkişafı istiqamətində gördüyü işlərdən danışıb.

Çıxışlardan sonra M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru  və musiqi tərtibatçısı Həcərxanım Məmmədova, quruluşçu rəssamı Naxçıvan MR-in Əməkdar rəssamı Səyyad Bayramovdur. Rolları Xalq artisti Həsən Ağasoy, Əməkdar artistlər Nazlı Hüseynquliyeva, Behruz Haxverdiyev, Əbülfəz İmanov və Əli Əliyev, aktyorlar Zakir Fətəliyev, Nəsimi Məmmədzadə, Anar Eyvazov, Səyyad Məmmədov, Məmməd Mehdiyev, Uğur Nəsirli, Ələsgər Quliyev, Zəminə Məmmədova, Nurgül Məmmədova, Səkinə Məmmədova, Saynur Babayev və digərləri ifa ediblər.