2020-ci ilin Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən Gəncə şəhərinə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və artilleriya zərbələri endirilib. Nəticədə 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Oktyabrın 11-də, Ermənistan silahlı qüvvələrinin Gəncəni növbəti dəfə raket atəşinə tutmasının üçüncü ildönümündə, faciə qurbanları anılıb.

Xatırladaq ki, düşmənin 2020-ci il oktyabrın 11-də gecə saat 2-də Gəncə şəhərində çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması 10 sakinin ölümünə, 30-dan çox insanın yaralanmasına səbəb olmuşdu.

Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhər əhalisi Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazini ziyarət edərək, şəhid olan mülki şəxslərin əziz xatirəsini ehtiramla anıblar.