Türkiyənin “Anadolu” agentliyi “Naxçıvanda Duzdağdakı xəstəxana şəfa gözləyənlərə ümid olur” və “Naxçıvandakı türbələr əsrlərdir ki, bütün əzəməti ilə ayaqda dayanır” sərlövhəli reportajlar yayıb.

Mehmet Yusuf Melikoğlunun müəllifi olduğu birinci reportajda Duzdağ Fizioterapiya Mərkəzində dünyanın müxtəlif yerlərindən gələn tənəffüs problemi olan xəstələrə sağlamlıq xidməti göstərildiyi vurğulanır. Qeyd olunur ki, Duzdağın 350 metr dərinliyində mərkəzdə qurulan palatalarda xəstələr 10-15 günlük müalicədən sonra sağlamlıqlarına qovuşurlar.

Digər reportajda isə Qarabağlar türbə kompleksi (XII-XIV əsrlər, Kəngərli rayonunun Qarabağlar kəndi) və Möminə xatın türbəsindən (1186, Naxçıvan şəhəri) bəhs edilir. Bildirilir ki, adıçəkilən abidələr Naxçıvana gələn turistlərin böyük marağına səbəb olur. Türk qadınlarına verilən dəyərin göstəricisi olan Möminə xatın türbəsi Eldənizlər dövründə inşa edilib.

Qeyd edək ki, reportajlar Türkiyənin trthaber, trtavaz, ntv və digər saytlarında da yayımlanıb.