Şabranda rəssamların “Təbiətin vibrasiyaları” adlı simpozium keçirilib. Oktyabrın 2-dən 9-dək davam edən simpozium “Birləşmiş Rəssamlar Klubu”nun təşəbbüsü əsasında və “Çardaq” qrupunun art-platforması ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Rəssamlar İttifaqı və “Shabran Wellbeing Resort” hotelinin dəstəyi ilə təşkil olunub.

Tədbirdə rəssamlar Anar Hüseynzadə, Zümrüd Hüseynzadə, Elşən Qaraca, Şəbnəm Qaraca, Aydın Əsgərov, Anar Bəylər, Salihə Bəylər, Təranə Vaqifqızı, Vəfa Yüzbaşıyeva, Nigar Familsoy, Vüsalə Ağarazıyeva iştirak ediblər.

Layihənin kuratoru rəssam Bəhram Xəlilovun bildirdiyinə görə, simpoziumun konsepsiyası musiqi və təsviri sənət vasitəsilə təbiətlə ünsiyyətin ifadəsindən ibarət olub.

Rəssamların simpozium müddətində çəkdikləri əsərlər yaxın vaxtlarda İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində sərgilənəcək.