Türk Dövlətləri Təşkilatı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşanıla bilən və dayanıqlı irs şəhərləri” mövzusunda beynəlxalq konfransın proqramı çərçivəsində oktyabrın 12-də Şəki şəhərinə tur təşkil olunub.
Konfrans iştirakçıları şəhərin qədim tarixi hissəsini – “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisini gəzib, tarixi abidələrlə tanış olub, sənətkarlıq emalatxanalarına baş çəkiblər. Məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir. Hazırda qoruğun ərazisindəki tarixi abidələrdə Dövlət Turizm Agentliyi tərəfindən təmir-bərpa işləri davam etdirilir.
Diqqətə çatdırılıb ki, XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsi olan Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi 2019-cu ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
Qonaqlar sarayın önündə xatirə şəkilləri çəkdirib, yerli musiqiçilərin ifasında muğam və xalq mahnılarını dinləyiblər.
Beynəlxalq konfransın iştirakçıları qoruğun ərazisində yerləşən “ABAD” keramika və tətbiqi sənət mərkəzində və Şəki Dövlət Rəsm Qalereyasında olub, inşa tarixi XVIII əsrin sonlarına aid edilən “Yuxarı Karvansara” mehmanxana-kompleksinin həyətində Şəkinin tarixi, mədəni irsi haqqında sərgiyə də baxıblar.