Xalq artisti Yasin Qarayev haqqında kitabın təqdimatı keçirildi

 

Mənə görə, ona səhnənin, teatrın işıqlı adamı demək olar. Nikbin, əzmkar, zəhmətkeş. Yaş ötdükcə daxili qaranlıqları ilə döyüşən adamların əksinə, xeyli həyatsevər və şaqraqdır. Xalq artisti Yasin Qarayev lirik-psixoloji və dramatik komediya aktyorluq məktəbinin estetik səciyyələri əsasında formalaşan sənətkardır.

Oktyabrın 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bu teatrın tanınmış aktyoru Yasin Qarayevin 75 illiyinə həsr olunan “Alın yazısına inam” adlı kitabın (müəllif İlham Rəhimli) təqdimat mərasimi keçirildi.

Tədbirin aparıcısı zaman-zaman Yasin müəllimlə tərəf-müqabil olan Əməkdar artist Elnur Bəhramxan sənət ocağı və onun keçdiyi yola qısa nəzər saldı.

95 illik yaradıcılıq yoluna, zəngin sənət ömürlüyünə malik teatrın Azərbaycanın səhnə mədəniyyətinə bəxş etdiyi müqtədir sənətkarları sadaladı, onların içərisində özünəməxsus yeri və dəst-xətti olan Y.Qarayevin sənətkarlıq məziyyətlərindən danışdı. Bildirdi ki, bir sənətkar ömrünə teatrşünas baxışı olan kitab aktyor və insan olaraq hər kəsin sevgi və rəğbətini qazanmağı bacaran Y.Qarayev ömrünə yeni yanaşmadır.

Aktyorun xoş gününü təbrik edənlərdən biri də teatrın direktoru Naidə İsmayılzadə oldu. O, Y.Qarayevin klassik aktyorluq məktəbi təmsilçisi kimi səhnədə, sənətdə özünəməxsus iz qoyduğunu, böyük tamaşaçı auditoriyasının məhəbbətini qazandığını dedi. Direktor kitabın müəllifi, teatrşünas, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimliyə təşəkkürünü bildirdi.

Təbrikə gələnlər arasında Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq işləri üzrə sədr müavini və ittifaqın sədr vəzifələrini müvəqqəti icra edən Xalq artisti Hacı İsmayılov da var idi. O da özünəməxsus koloritli oyun üslubu ilə seçilən Y.Qarayevin sənət xarakteristikasından söz açdı, aktyor kimi səmimiyyəti, səhnə məlahəti, istənilən obraza qatmış olduğu çalarlardan danışdı. Bildirdi ki, aktyorun səs tembri, aydın nitqi, hər obrazın xarakterik xüsusiyyətlərini ustalıqla duyub tamaşaçıya çatdırmaq qabiliyyəti var.

Xalq artisti Tariyel Qasımov isə həmkarının sənətkarlıq xüsusiyyətləri və lirik-psixoloji, komik obrazlar ilə yanaşı, dramatik əsərlərdə də fərqli aktyor keyfiyyətlərini qabarıq büruzə verdiyini dedi. Dedi ki, Y.Qarayev səhnədə cəld və çevik, dinamik və cazibədar, yaddaqalan və fərqlidir.

Daha sonra kitabın müəllifi İlham Rəhimli çıxış edərək bir sıra məqamlara, ümumilikdə teatr, aktyor sənəti və onun bu günü ilə bağlı məsələlərə diqqət çəkdi, Gənc Tamaşaçılar Teatrında vaxtilə çalışan sənətkarlardan da bəhs etdi. Kitabın yazılma səbəbindən danışan alim Y.Qarayevin sənətinin hər zaman yüksək qiymətləndirildiyini bildirdi: “Bu teatrda Yusif Vəliyev, Osman Hacıbəyov, Süsən Məcidova kimi böyük sənətkarlar olub. Çox təəssüflənirəm ki, adlarını çəkdiyim bu qüdrətli sənətkarlar haqqında kitab yazılmadı. Yasin Qarayevi mən 1975-ci ildən yaxından tanıyıram. Onun sənətinə diqqət və məsuliyyəti sayəsində sonradan səmimi dostluğumuz da yarandı. Bu kitabı da, əslində, onun 75 illik yubileyinə hədiyyə etmək məqsədilə qələmə aldım. Zaman elə gətirdi ki, bu nümunə onun 77 yaşında ərsəyə gəldi və beləcə, həm də 50 illik bir sənət ömürlüyünün qısa icmalı rolunu oynamış oldu. Şadam ki, bu gün “Alın yazısına inam” adlı bu kitab vasitəsilə sizlər bir insanın həyat-ömür şəcərəsi ilə yanaşı, uzun və səmərəli yaradıcılıq yolunu da oxuyub-izləmək imkanı qazanacaqsınız. Könül istər ki, Yasin müəllim kimi başqa sənət fədailərimizin də səhnədə keçən dolğun ömürləri kitablara mövzu olsun və mən bu işi sevə-sevə görməyə hazıram. Təki o kitabların çapını üzərinə götürən naşirlər, qurumlar da bu işə maraqlı olsunlar”.

Sonda Y.Qarayev çıxış edərək onu bir aktyor və insan kimi həssaslıqla duyan və bunları ustalıqla kitaba çevirən müəllifə və mərasimə gələn hər kəsə təşəkkürünü bildirdi.

Bütün imza günləri, təqdimatlar kimi bu tədbirin də bir oxucu olaraq mənim üçün ən gözəl tərəfi məhz kitabın müəllifi ilə qəhrəmanı arasındakı incə yumorlu söhbətləşmə və  munis imza mərasimi anı idi. Tədbir boyu mənim diqqətimi çəkib, bir az da kövrəldən başqa bir məqam oraya toplaşan aktyorların daxili həyəcan və buna rəğmən o hissə, o amansız reallığa meydan oxuyan təsəlli dolu mətin duruşları idi. Bir zamanlar o səhnədə bütün ömürləri keçən yaşlı nəsil nümayəndələri ilə gənclər arasındakı qəribə bir təzad, nisgil, daha doğrusu, dünən ilə bu günün qarşı-qarşıya dayanması və dayanışması da başqa bir izharı müşkül mənzərə idi...

Həmidə Nizamiqızı