Gəncə Dövlət Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə İstanbulda V Maltəpə Beynəlxalq Teatr Festivalında iştirak edib. Avrasiya Teatrlar Birliyinin təşkilatçılığı ilə Maltəpə Bələdiyyəsinin dəstəyi ilə gerçəkləşən festivalda rejissor Tural Mustafayevin quruluşunda E.İoneskonun “Kral ölür” tamaşası nümayiş olunub.
Tamaşada əsas rolları əməkdar artistlər Elxan Abbasov, İlham Hüseynov, Sevda Orucova, Kəmalə Məmmədova və aktyorlar Günay Cabbarova, Ruslan Hüseynov ifa ediblər.
Kral Beranje rolunu oynayan Elxan Abbasov festivalın yekununda “Ən yaxşı kişi aktyoru” nominasiyasında mükafata layiq görülüb.
Onu da qeyd edək ki, teatrın direktoru Aqil Bəhramlı festivalın münsiflər heyətində yer alıb.
Festival zamanı Avrasiya Teatrlar Birliyinin toplantısı da keçirilib. Toplantıda qurumun Azərbaycan üzrə təmsilçisi, teatrın aktyoru Yusif Cəfərov da iştirak edib.
Festivalda ölkəmizlə yanaşı Türkiyə, Şimali Kipr, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya – ümumilikdə 20-dək ölkə təmsil olunub.