Üç il əvvəl Vətən müharibəsində qələbə sorağını aldığımız ilk yerlərdən olan Suqovuşan qəsəbəsi turizm mərkəzinə çevrilir.

Oktyabrın 16-da Dövlət Turizm Agentliyi (DTA) kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni salınmış istirahət parkına mediatur təşkil edib.

DTA sədrinin müavini Azadə Hüseynova media nümayəndələrinə məlumat verib ki, 1970-ci illərdə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarının ətrafında park yaradılıb, sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb. Ərazisi 7,5 hektar olan parkda turist informasiya mərkəzi, kafe, üzən estakada, turistlərə xidmət göstərəcək nəqliyyat vasitələri üçün avtodayanacaq da yaradılıb, yaşıllaşdırma işləri görülüb.

Qeyd edilib ki, Suqovuşanda turizm infrastrukturunun yaradılması prosesinin ikinci mərhələsində yeni körpünün inşası, tarixi körpünün, mövcud Bayraq meydanının parka adaptasiyası həyata keçiriləcək, genişmiqyaslı abadlıq işləri görüləcək.

Xatırladaq ki, Suqovuşan qəsəbəsi Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində 2020-ci il oktyabrın 3-də azad edilib. Suqovuşan istirahət parkının təməli 2022-ci il martın 20-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Tərtər rayonuna səfəri zamanı Suqovuşan qəsəbəsində istirahət parkının açılışında iştirak edib, yaradılmış turizm infrastrukturu ilə tanış olub.