Milli dramaturgiyanın banisi M.F.Axundzadənin “Hekayəti-xırs-quldurbasan” komediyası Şəki Dövlət Dram Teatrında yeni quruluşda tamaşaya qoyulub. Oktyabrın 15-də səhnə əsərinin premyerası olub.
Tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu və geyim üzrə rəssamı Sahib Əhmədov, baletmeysteri Çingiz Novruzəliyev, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Hariz Əhmədov, Nərmin Abbasova, Çingiz Novruzəliyev, Lalə Məmməd, İlkin Rüstəmov, Rəşid Mirizadə, Rəsul Məmmədrəhimov, Pərviz İsmayılov, Orxan Həmidli, Qurban Rəsulov, Elvin Mabudov, Azad Məmmədov və Rəşad Rüstəmov ifa edirlər.
Teatrdan verilən məlumata görə, cari ilin repertuar planına uyğun olaraq daha bir səhnə əsərinin – görkəmli alman ədibi Bertolt Brextin “Kuraj ana və uşaqları” pyesi əsasında tamaşanın stolarxası məşqlərinə başlanılıb. Tamaşaya teatrın baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli quruluş verir.