Oktyabrın 17-də axşam saatlarında Qəzza zolağında Əl-Əhli xəstəxanasının raketlə vurulması nəticəsində ölənlərin sayı 471 nəfər olub, 300-dən çox insan yaralanıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Raketin kim tərəfindən atılması məsələsinə isə hələ tam aydınlıq gəlməyib. İsrail tərəfi ona ünvanlanan ittihamları rədd edir və məsuliyyəti Fələstin tərəfdarı radikal qrupların üzərinə atır.
Oktyabrın 18-də İsrailə qısamüddətli səfər edən ABŞ Prezidenti Co Bayden də xəstəxanaya hücumda İsrailin əlinin olmadığına inandığını deyib. “Gördüklərimə görə, bunu siz (İsrail) yox, qarşı tərəf edib. Lakin bir çox insanlar buna əmin deyillər”, – deyə o, Təl-Əvivdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşdə bildirib.
O, həmçinin əmin edib ki, Birləşmiş Ştatlar İsrail-Fələstin münaqişəsi fonunda Təl-Əvivin ehtiyac duyduğu bütün yardımları təmin edəcək. Bayden günahsız fələstinlilərin həyatını qorumaq üçün də lazım olan hər şeyi etməyə çağırıb.
“İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində mülki əhali əziyyət çəkir, lakin bu zərbələrin hədəfi Fələstin anklavındakı terror yuvalarıdır” – bunu isə Benyamin Netanyahu deyib.
Oktyabrın 19-na olan məlumata görə, Qəzzada ölənlərin sayı 3800-ü keçib. HƏMAS-ın İsrailə hücumu (7 oktyabr) nəticəsində ölü sayının isə 1300-dən çox olduğu bildirilir.
Qeyd edək ki, Co Bayden regiona səfəri zamanı İordaniyada Fələstin rəhbəri Mahmud Abbasla da görüşməyi planlaşdırırdı. Lakin Mahmud Abbas Qəzzadakı xəstəxanaya hücumdan sonra bu görüşə getməkdən imtina edib.