Mövsümün açılışından bu yana üç premyera (“The müqəssir”, “Bu da axırı” (mono-tamaşa) və “Cəmilə”) ilə sənətsevərlərin görüşünə gələn Lənkəran Dövlət Dram Teatrında yeni tamaşalar üzərində yaradıcılıq işi gedir.
“Heydər Əliyev İli” çərçivəsində hazırlanan “İki iyirmi üç arasında” tamaşasının müəllifi Qəşəm Nəcəfzadə, quruluşçu rejissoru Emil Əsgərovdur. Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən tamaşanın noyabr ayında təhvil verilməsi nəzərdə tutulur.
Emil Əsgərovun quruluş verdiyi ikinci səhnə işi Təranə Vahidin “Mən toz dənəsiyəm” hekayəsi əsasında hazırlanan mono-tamaşadır. Aktyorların fərdi yaradıcılığına önəm verən teatr rəhbərliyi mono-tamaşaların hazırlanmasına xüsusi diqqət ayırır. “Mən toz dənəsiyəm” tamaşasında Prezident mükafatçısı Aynur Əhmədova çıxış edəcək.
Vilyam Şekspirin ən məşhur əsərlərindən olan “Kral Lir” pyesi də teatrın builki planına daxildir. Əsər E.Əsgərovun quruluşunda Lənkəran səhnəsinə çıxacaq.
İlin sonuna qədər təhvil verilməsi nəzərdə tutulan digər əsər Cavid Zeynallının “Tanrı quşu gəlmədi” pyesidir. Bu tamaşa teatrın baş rejissoru Anar Babalı tərəfindən hazırlanacaq.
Lənkəran Dövlət Dram Teatrı bu mövsümdə də balaca tamaşaçılarını unutmayıb. Şəfahət Şəfinin “Arı pətəyi” pyesi əsasında hazırlanan tamaşa (rejissor E.Əsgərov) onlar üçün nəzərdə tutulub.
H.Nizamiqızı