18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilib.

Şirvan şəhər Heydər Əliyev Mərkəzi, şəhər Mədəniyyət Mərkəzi, Folklor evi və Salyan rayon Mədəniyyət Mərkəzinin Yenikənd kənd Folklor evində təşkil olunan tədbirlərdə ədəbi-bədii kompozisiyalar, musiqi nömrələri təqdim olunub.

Salyan rayon Heydər Əliyev Mərkəzi və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə sektorunun təşkilatçılığı ilə əlamətdar gün münasibətilə gənclər arasında “Xəmsə” milli intellektual oyunu keçirilib. Qalib komandalar diplomla təltif olunub.

***

Laçın Dövlət Rəsm Qalereyası və rayon Gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbir keçirilib. Bakı şəhər Qaradağ rayonu “Qobu park” yaşayış kompleksindəki Laçın rayon 29 nömrəli tam orta məktəbdə gerçəkləşən tədbirdə uşaq və gənclərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

Cəbrayıl rayon Mədəniyyət Mərkəzinin Daş Veysəlli kənd klubunda (müvəqqəti olaraq Şirvan şəhərində yerləşir) da əlamətdar gün qeyd olunub. Tədbirdə Zəngilan rayon 3 saylı tam orta məktəbin şagirdləri tərəfindən şeirlər və kompozisiyalar təqdim olunub.

***

Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində elmi-praktik konfrans keçirilib. Tədbirdə “Müstəqilliyimiz əbədidir!” adlı film nümayiş olunub. Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin xalqımızın tarixi nailiyyəti olduğu vurğulanıb. Qeyd olunub ki, XX əsrin sonlarında beynəlxalq aləmdə və Sovet İttifaqında yaranan vəziyyət xalqımıza qəlbində yaşatdığı müstəqillik arzularını yenidən reallaşdırmaq imkanı verib.

***

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında “Müstəqilliyimiz əbədidir!” adlı tədbir keçirilib. Çıxış edənlər Azərbaycanın dövlətçilik tarixi, müstəqillik yolunun xronikası və Zəfər Günü, həmçinin işğaldan azad edilmiş yurd yerlərimizdə aparılan hazırkı quruculuq işləri haqqında məlumat veriblər. Sonda “Əbədi və sarsılmaz müstəqillik” adlı videoçarx nümayiş etdirilib, “18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür” adlı sərgiyə baxış olub.

***

Ağstafa şəhər 1 saylı Folklor klubunda təşkil olunan tədbirdə qeyd olunub ki, dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Ötən əsrin 90-cı illərində müstəqilliyimizin qorunub möhkəmləndirilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir.

Nurəddin Məmmədli