“Arşın mal alan” böyük Azərbaycan bəstəkarı, milli bəstəkarlıq məktəbinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin üçüncü, sonuncu musiqili komediyasıdır. Bəstəkar onun üzərində 1913-cü ilin yayında hələ Bakıda olarkən işləməyə başlamış və əsəri yayın sonunda, konservatoriya təhsili aldığı Sankt-Peterburqda tamamlamışdır. Musiqili komediyanın süjetini Üzeyir bəy həyatdan götürmüş, librettosunu özü yazmışdır.
“Ər və arvad”, “O olmasın, bu olsun” və “Arşın mal alan” operettalarını həm janr, həm də hər üç əsərdə komik səhnələr, obrazların dilində işlənən yumoristik ifadələr bir-birinə yaxınlaşdırır. Bununla belə, “Ər və arvad”, “O olmasın, bu olsun” operettalarında gülüş cəmiyyətdə zərərli olan, ictimai inkişafı ləngidən qeyri-sağlam düşüncəli insanları ifşa edir, satira hədəfinə tutursa, “Arşın mal alan”dakı gülüş qarşılıqlı anlaşma əsasında ailə qurmaq ideyasını təbliğ xarakteri daşıyır.
“Arşın mal alan” operettasındakı gülüş satirik deyil, yumoristik səciyyəlidir. Əsərdə mənfi obraz yoxdur. Klassik musiqili komediya qanunlarına uyğun olaraq ön planda əsas qəhrəmanlar – Əsgər və Gülçöhrədir. Onlar yeni fikirli, ailə həyatını ürəklərinin səsiylə qurmaq arzusu ilə yaşayan gənclərdir.
Gənc tacir Əsgər gələcək həyat yoldaşını özü seçib, bəyənmək şərtilə evlənmək istəyir. Lakin müsəlman qayda-qanununa görə bəy gəlini yalnız toydan sonra görə bilərdi. Əsgərin dostu Süleyman bəy vəziyyətdən çıxış yolu tapır: onun məsləhəti ilə tacir Əsgər adi, kasıb arşınmalçıya çevrilir. İndi o, istənilən evə girib, qızları görüb, könlünə yatanı gözaltı edib evlənə bilər. Və arşın malı apardığı Soltan bəyin evində onun qızı Gülçöhrəni görür...
Gözəl, yaraşıqlı, iradəli Gülçöhrə XX əsrin əvvəlində ailə-məişət məsələlərinin şəriət qanunları ilə idarə edildiyi Azərbaycan cəmiyyətində öz hüquqları, sevgisi uğrunda mübarizə aparan azərbaycanlı qızların yeni nəslinin nümayəndəsidir.
Qalan personajlar – Süleyman bəy, Asya, Soltan bəy, Cahan xala, Vəli və Telli lirik-komik tərzdə verilir.
İştirakçılar bir neçə qrupa bölünür. Tacir Əsgər və bəy qızı Gülçöhrənin məhəbbət hekayəsi əsərin əsas süjet xəttini təşkil edir. Romantik hisslərlə yaşayan bu gənclər köhnəlmiş adət-ənənələrə qarşı çıxmaqdan çəkinmir. Məhəbbətləri naminə onlar ən qəti addımlara hazırdırlar. Dövrün qayda-qanunlarına etinasızlıq göstərməyən Süleyman bəy və Asya da, cavanların hərəkətlərini başa düşməyən yaşlı nəslin nümayəndələri – Cahan xala və Soltan bəy də mehriban ailə həyatı arzusundadırlar. Nəhayət, ağıllı, tədbirli nökərlər – Vəli və Telli də talelərini birləşdirir, sevib-seçib ailə qururlar.
Beləcə, xoşbəxt sonluqla bitən əsərdə bir gündə dörd toy çalınır...
“Arşın mal alan” operettası 1913-cü il oktyabrın 25-də H.Z.Tağıyevin teatrının səhnəsində göstərilmişdir. Hüseyn Ərəblinskinin quruluş verdiyi tamaşada rolları H.Sarabski (Əsgər), Ə.Ağdamski (Gülçöhrə), Ə.Hüseynzadə (Soltan bəy), Gülsabah (Cahan), M.H.Terequlov (Süleyman), A.Olenskaya (Asya), H.Hüseynov (Vəli) oynamışlar.
O vaxtdan səhnədən düşməyən operetta 1938-ci ildə Moskvada Azərbaycan İncəsənəti dekadasında da göstərilmişdir. İfaçılar: Bülbül (Əsgər), H.Hacıbababəyov (Süleyman), Ə.Hüseynzadə (Soltan bəy), S.Mustafayeva (Gülçöhrə), E.Axundova (Asya), A.Rzayeva (Telli), A.Anatollu və Şaraplı (Vəli), A.Məmmədova (Cahan xala). Quruluşçu rejissor İ.Hidayətzadə, rəssam A.Sultanov. Tamaşanı Səid Rüstəmovun idarəsi ilə Azərbaycan Xalq Çalğı Alətləri Orkestri müşayiət etmişdir.
Peşəkar milli vokal sənətimizin banisi Bülbül Üzeyir Hacıbəylinin bir çox operalarında əsas rolların ifaçısı olmuş, “Şeyx Sənan”da Kor ərəb, “Əsli və Kərəm”də Kərəm, “Koroğlu” operasında Koroğlu obrazlarını ustalıqla yaratmışdır. Bu cür rollardan sonra Bülbülün “Arşın mal alan” operettasında Əsgər rolunu oynaması sənətkarın hərtərəfli yaradıcılıq imkanlarının olmasını bir daha sübut etmişdir.
Əsgər şən, yumoristik, əyləncəli xarakterdir. Komik anları ustalıqla ifa edən Bülbül bu rolun öhdəsindən də çox yüksək səviyyədə gəlmiş, Əsgər rolu ilə öz yaradıcılığına fərqli bir çalar qatmışdır. Əsgərin dostu Süleyman, xalası Cahan, nökəri Vəli ilə olan partiyaları yumoristik və əyləncəlidir.
“Ər və arvad”, “O olmasın, bu olsun” və “Arşın mal alan” Ü.Hacıbəylinin zəngin yaradıcılığında mühüm yer tutan, digər əsərləri ilə yanaşı, bəstəkarın irisini əbədiləşdirən nümunələrdir. Dövrün tələbilə dramaturgiyaya gələn bəstəkar hələ ilk dramatik səhnəciklərdən başlayaraq xalqın həyatı, məişəti, adət və ənənələrini dərindən öyrənmiş, güclü tənqidi mühakiməyə, yüksək sənətkarlığa yiyələnmiş, bir çox ölməz komediyalar yaratmışdır.
Üzeyir bəyin ölməz əsərləri Azərbaycanın hüdudlarından kənarda, xüsusən türkdilli ölkələrdə çox tanınır və sevilir. Onun yaradıcılığı ilə hər tanışlıq oxucu, dinləyici, tamaşaçı üçün bir sənət zövqüdür. Bu yerdə Xalq yazıçısı Elçinin böyük sənətkar haqqında söylədiyi sözlər yerinə düşür: “Üzeyir bəyi oxuyursan, onu dinləyirsən, on dəfə oxuyursan, dialoqları əzbər bilirsən, yüz dəfə dinləyirsən, melodiyalar hafizənə həkk olunub qalır, lakin bu qədər tanış yaradıcılığın özündə səni hər dəfə yeni-yeni kəşflər gözləyir...”.
Mehriban Qasımova
Bülbülün Memorial Muzeyinin ekskursiyaçısı