Əslində, o, hamıdan sonra – bir növ təşəkkür etmək üçün demişdi bu sözləri. Amma dedikləri təkcə özünə yox, ümumən aktyor sənətinə eyham olduğundan istədim elə sonu əvvələ “daşıyım”.
İki saata yaxın davam edən tədbirdə əvvəlcə yaş-başına inad bir an belə qədd-qamətini əymədən onunla görüşə gələn, təbriklərini çatdıran hər kəsə ehtiram və diqqətini göstərəndən sonra ağır-ağır irəliləyərək tamaşaçısı önündə dayandı. Bəmbəyaz və dalğın saçlarını növcavan ədası ilə nizama saldı. Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin salonuna toplaşanları bir-bir gözdən keçirəndən sonra şəstlə ürəyindən keçənləri 5-10 cümləlik sözə sığdırmağa çalışdı.
Allah bilir, hələ nələr qaldı: “...Taleyimiz elə gətirib ki, həyatımızı bu sənətə həsr etmişik, ona bağlamışıq. Bu, çox ağır, əzab-əziyyət dolu peşədir... Heç yadımdan çıxmaz. Biləsuvara qastrola getmişdik. Hava soyuq idi. Tamaşadan sonra dincəlməyə yollandıq. Otaqlarda qızdırıcı vasitələr olmasına rəğmən istilik yox idi. Pərdəni aralayanda pəncərələrdə şüşə olmadığının fərqinə vardım. Biz o şəraitdə də səfərlərə gedib, tamaşalarda iştirak etmişik. Bunları deməklə cəfakeş olduğumuzu vurğulamaq niyyətində deyiləm. Sadəcə demək istəyirəm ki, bu sənətin şan-şöhrətindən çox iztirab və üzüntüləri var... Bütün bunlara baxmayaraq, seçdiyim və sevdiyim bu sənətdə xoşbəxtəm.
Mənim səhnə fəaliyyətimin 50 illiyini qeyd etmək qərarını alan bu muzeyin rəhbərliyinə və əməkdaşlarına öz dərin təşəkkürümü bildirirəm. Bu, başqaları üçün adi bir şey ola bilər, ancaq mənim üçün böyük bir addımdır. Axı, bizim siz tamaşaçıların sevgi və sədaqətindən savayı səadətimiz yoxdur. Doğrudur, şəxsi həyatımız, ailəmiz, doğmalarımız var. Amma böyük mənada həyatımızın ən unudulmaz anları sizinlə üz-üzə qalıb, sevgi və alqışınızın hərarətində “Nə yaxşı ki, bu sənətə gəldim” qənaətini dönə-dönə zikr etməkdir...”.
Oktyabrın 20-də yarıməsrlik aktyor ömrünə qısa nəzər salmaq istəyənlər Azərbaycan Dövlət Teatr Muzeyinə – Xalq artisti, Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası Qabil Quliyevlə görüşə gəlmişdilər. Qonaqlar arasında milli teatr sənətinin tanınan simaları, səbəbkarın sənət dostları, uzaq gənclik illərinin sirdaşları çoxluq təşkil edirdi. Ona görə də burada biz bir aktyor ömrü ilə yanaşı, həm də 50-60 il öncələrə səyahət etmək imkanı qazandıq.
Tədbiri muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açaraq qonaqları salamladı və sənətkarı yaradıcılığının 50 illik yubileyi münasibətilə təbrik etdi.
Xalq artistləri Hacı İsmayılov, Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar incəsənət xadimi, teatrşünas Aydın Talıbzadə, aktyorun tələbə yoldaşı, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova, Lənkəran Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən İntiqam Hacılı, teatrın baş rejissoru Anar Babalı, sənətkarın dostları təbriklərə qoşularaq ürək sözlərini bölüşdülər.
Bir qardaş, dost, sirdaş, ata və bütün bunlardan öndə bir sənətkar ömrünün məlum və naməlum məqamları gözlər önünə sərildi.
Tədbir boyu iki məqam diqqətimi xüsusilə cəlb etdi: birincisi, səbəbkarın “Qabil Quliyev Lənkəran teatrına getməsəydi”lərdən sonrakı təəssüf dolu mülahizələrə etirazsayağı qaşçatması, ikincisi, ona ünvanlanan arzular içərisindən “Arzuladığınız rolları oynayasınız”dan sonrakı ilıq və məsumiyyət dolu təbəssümü.
Məhz bu iki məqamda aktyor və insan – həyat və səhnədə bir-birini tamamlayan Qabil Quliyev gözlərim önündə daha da böyüdü. Bu, ömrü ləyaqətlə yaşamış bir insana ehtiram da sayıla bilər.
...Tədbir çərçivəsində muzeyin fondundan aktyorun həyat və yaradıcılığını əks etdirən eksponatlardan hazırlanmış videoçarx, həmçinin oynadığı tamaşa və filmlərdən kadrlar da nümayiş olundu.
Akademik Opera və Balet Teatrının solisti xanəndə Mütəllim Dəmirov və Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin və İncəsənət Gimnaziyasının tələbələri sənətkarın şərəfinə konsert proqramı ilə çıxış etdilər.
Tədbir başa çatdıqdan sonra sənət dostları onu dövrəyə aldılar. Hərə bir xatirəni, bir unudulmaz görüşdən saralmış ağ-qara fotonu ona göstərməyə çalışrdı. Mənim kimi bir neçə nəfər də bir tərəfdə dayanıb, Neft Sənayesi İnstitutunu fərqlənmə diplomu ilə bitirməsinə rəğmən sənəti seçən, yerin altına qara qızıl axtarmağı işıqlı səhnədə parıldamağa dəyişən bir insanı müşahidə edirdi. Yəqin onlar da mənim kimi İncəsənət İnstitutunda Rza Təhmasib, Muxlis Cənizadə, Əliheydər Ələkbərov, Şəfiqə Axundova, Əzizağa Quliyev kimi görkəmli sənətkarların önündə imtahan verərək neftçiliyi aktyorluğa dəyişmək istəyini anlamağa çalışırdılar.
Öyrəndiyim bir məqamdan – onun Lənkəran teatrına böyük kinodan gəldiyi faktından sonra bir az da duruxdum. Peşəkar milli kaskadyor, kino üçün yetərli fakturasının olmasına rəğmən, bir neçə epizodik rolu çıxmaq şərtilə, milli kinomuzda olmadığına təəssüfləndim.
Yaxşısı budur bu fakta bir də onun dilindən nəzər salaq və elə yazını onun sözləri ilə bitirək. Qoy, bu da belə fərqli monoloq olsun: “Həqiqi hərbi xidmətimi (1972-1973) Moskvada Dövlət Kino Komitəsinin hərbiləşdirilmiş kino bazasında keçirmişəm. İşimiz kino çəkilişlərində iştirak idi. 1973-cü ilin may ayının sonunda Bakıya çəkilişə gəldim. Kinostudiyada paralel olaraq 3 bədii film – “Səmt küləyi”, “Nəsimi” və “Qatır Məmməd” filmləri çəkilirdi. Mən də süvari atlı dəstəsindəydim. İşimizi qurtarıb gedəndə yoldaşlar təkidlə Bakıya qayıtmağımı istədilər. Mənə isə artıq xidmətdən sonra Moskvada qalıb işləmək təklif olunmuşdu. Gedən kimi Bakıya qayıdacağımı dedim və təklifdən imtina etdim. Sonra bilirsiniz nə oldu? 1973-cü ilin noyabrında Bakıya qayıtdım, amma mənə heç kim yaxın durmadı. Mədəniyyət Nazirliyinə getdim. Məni Lənkərana göndərdilər, “bir il orda işlə, sonra səni Bakıya qaytararıq” dedilər. Getdim və bir daha qayıtmadım. Bu da aradan keçən 50 il. Nəzərə alın ki, mən hələ tələbə ikən Akademik Dram Teatrında çalışırdım. Ustadım Əliheydər Ələkbərov teatrın direktoru idi. Tələbə-aktyor kimi bir neçə tamaşada maraqlı rollarım oldu. Çoxları elə bilirdilər ki, mən artıq yerimi bərkitmişəm. Amma həyat başqa ssenari qurdu. Moskvadan qayıdanda Əliheydər müəllim artıq həyatda deyildi. Deməli, mənim o teatrda yerim yox idi.
İndi soruşsan ki, təəssüflənirsən, birmənalı yox deyərəm. Bilirsən niyə? Çünki mənim üçün əsl sənət bütün məqamlardan öndə gəlir. Axı, aktyor səhnəni seçməlidir, onun yerləşdiyi şəhəri yox. Mən də elə etdim və halımdan çox məmnunam...”.
Həmidə Nizamiqızı