Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının və Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında rejissor Samir Qulamovun librettosu və quruluşunda eyniadlı tamaşa hazırlanıb. Oktyabrın 24-də tamaşanın premyerası olub.
Klassik əsər yeni rejissor yozumunda orijinallığını saxlasa da, fərqli təqdimatı ilə diqqət çəkir.
Tamaşanın bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Xalq artisti Səkinə İsmayılovadır.
Baş rollarda muğam müsabiqələrinin qalibləri İlahə Rüstəmova (Leyli) və Orxan Hüseynli (Məcnun) çıxış ediblər.
Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev həm də Məcnunun ruhu obrazını canlandırır. Leylinin ruhu obrazının ifaçısı teatrın balet artisti İranə Kərimovadır.
Tamaşada Əməkdar artist Nadir Xasıyev, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Əmrah Dadaşov, artistlər Gülnarə Abdullayeva, Təranə Əliyeva, Bacıxanım Sadıqova, İbrahim Əlizadə, Emin Zeynallı, Əli Kərimov, Murad Əliyev, Böyükxanım Məmmədova, Mirzəhra Muradova, Aydan Əliyeva, eyni zamanda teatrın xor və balet heyətinin üzvləri iştirak ediblər.
Solo tar ifaçıları Əməkdar artist Elxan Mansurov, gənc tarzənlər Səxavət Məmmədov, Cahid Əlizadə, konsertmeyster Fidan Əliyeva, rejissor assistentləri Prezident mükafatçısı Əmrah Dadaşov və Sevinc Məmmədovadır.
Qeyd edək ki, tamaşanın növbəti nümayişi noyabrın 18-də olacaq.