Dünya yaranandan insanların itmək, itirmək kimi bir qorxusu olub. Bir də insanın mənəvi itkisi, fiziki yoxluğundan da ağır mənəvi yoxluğu var. Birdən ən yaxının, ən doğman belə səni görüb, hiss etmir və nəticədə sən böyük bir adaya düşərək tənhalığa məhkum edilmiş adama çevrilirsən...
Çağdaş texnologiya oyunbazlığı ucbatından ən yaxınlarımızı – valideynlərimizi, övladlarımızı, dostlarımızı diqqətsiz qoya və beləcə, təəssüf ki, itirə bilirik.
Azərbaycan Dövlət Kukla Teatrı bu dəfə sosial şəbəkələr, günü-gündən artan internet asılılığı ucbatından virtual aləmə aludə olanları mövzu edib.
Teatrın rejissoru Anar Məmmədovun ideya və quruluş müəllifi olduğu “İtki” tamaşasının qəhrəmanı ətrafının diqqətindən kənarda qalan balaca oğlandır. Valideynlərinin onunla ünsiyyətdən daha çox mobil oyunlarda, sosial şəbəkələrdə vaxt keçirmələri, övladlarına ayıracaq zamanı qlobal virtual əyləncəyə fəda etmələri sonda ağır fəsada gətirib çıxarır...
10+ yaş qrupu auditoriyası üçün nəzərdə tutulan pantomim tamaşanın quruluşçu rəssamı Rəna Abbasovadır. Səhnə əsəri “qara kabinet” üslubundadır. Quruluş heyəti bu vasitə ilə tamaşaçının diqqətini minimalist məkanda bəşəri problemlərə çəkməyə, onları daha real düşünməyə səsləyir.
Premyera noyabrın ortalarına nəzərdə tutulub.