Şuşa teatrında baxdığımız nə idi?
...Bu günlərdə “Molla Nəsrəddini tapın” əmr-fərmayişinə əməl edib yol aldım Bakıda məkan olub, arabir Şuşaya gedib-gələn Şuşa Dövlət Musiqili Dram Teatrına. Kollektivin bir qədər əvvəl azad Qarabağda bəh-bəh ilə göstərdiyi birhissəli məzhəkəyə baxmağa. “Məzhəkə” sözünü yadınızda saxlayın, çünki hələ onunla “söhbətim” var. Amma, hələ mətləbə keçmirəm.
Tamaşa teatrın hələlik son premyerasıdır və afişa qeydinə görə mətn müəllifi gənc yazar Jalə Novruzdur. Quruluşu teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov verib.
Molla Nəsrəddin rolunu Əməkdar artist Teymur Məmmədov, Mollanın arvadını Xalq artisti Şükufə Musayeva, Xanı Rasəf Mehdiyev, Əzraili Hamlet Qənbərov oynayır. Digər obrazları Dürdanə Dünyamalıyeva, Təranə Əliyeva, Nihad Heybətov, Mobil Qurbanov, Vüsal Məmmədov, Sevinc Ağayeva, Bahar Həmzəyeva, Gündüz Qasımov və Orxan Abışov təqdim edirlər.
Əslində, rəssam işindən əlamət olmayan səhnə tərtibatı Valeh Məmmədova, teatrın ansamblının (xanəndələr: Bəxşeyiş Mehdiyev, Vüsalə Allahverdiyeva, Rakif Rüstəmov, Maşallah Mirzəyev; tar: Ozal Məmmədxanlı, kamança: Elmar Ələkbərov) iki dəfə səhnədə zühurunu çıxmaq şərti ilə bizi “palatka toyu”nda şıdırğı oynadan musiqi tərtibatı Ağasəlim Feyzullayevə aiddir.
Hə, demişdim axı məzhəkə məsələsini yadıma salın. Haman o məbud gülməli, güldürücü danışıq, söhbət, hərəkət, oyun, əhvalat, lətifədir. Dilimizin izahlı lüğətində belə yazılıb. Amma mənim yaddaşım bu məzhəkəbazlığı böyük Mirzəmizin “Dəli yığıncağı”nda işlətdiyi “Bu saat sizi aparacağam dəlixanaya, orada ağlınız başınıza gələr və dəxi həzrətin tumanbağısını məzhəkəyə qoymazsınız”la başlayıb bitirir.
Qaldı ki, bu məzhəkə-tamaşaya, bəri başdan deyim ki, bu, birmənalı alınmayıb. Çünki o boyda mərəkədə hadisə, təsvir, konflikt, kulminasiya, final bir yana qalsın, ideya belə yox idi. Bəs bir çətən adam səhnədə nə deyib, nə göstərirdilər?...
Tamaşa boyu səhnədə bir fağır Xan və onun sağ-solunda gonbul-arıq tərs-mütənasibliyində iki arvadı var. Xan bizim uzaq keçmişdəki məmurlardan biri kimi danışır deyə, zal yalnız o diksiyaya gülür və bu sayədə aktyor oyundan çox təqlid edir. Rejissor da məhz bunu istəyib və məncə, düz edib. Çünki səhnədəki Xanın ən böyük dərdi gülməkdir. Daha doğrusu, bütün tamaşadakıların ümdə vəzifəsi onu güldürməkdir. Hekayə də buradan başlayır. Naxoşlayan Xanı güldürmək üçün şəhərin ən baməzə adamı olan Molla Nəsrəddini soraqlayırlar. Carçı deyir ki, bəs kim Xanın kefini açıb onu güldürsə, özü ağırlığında ənam alacaq. Əgər bacarmasa, boynu vurulacaq.
Əlqərəz, şəhərin nə qədər divanxana lotusuna oxşayan bekar, aciz-avarası var, hərəyə bir əmmamə qoyub yol alırlar saraya. 4-5 dəfə Xanın qarşısına çıxıb hərəsi bir Molla Nəsrəddin əhvalatı danışmağa çırmanır. Heç biri onu güldürə bilmir və hər dəfə “Cəllad, dıt” əmri verilir. Dalınca da (zala işarə ilə) “Qonaqlar var, sonra” ilə ertələnir.
Nəhayət, Molla Nəsrəddin gəlir. Arvadının əlində əsir-yesir olan Molla Nəsrəddinin nə edib, nə niyyətdə olduğunu dərkə gücümüz çatmasa da. Sonra muğamçılar yetişirlər. Axırda da “palatka toyu” ilə şıdırğı oynayırıq. Əl çalırıq və pərdə bağlanır...
Hələ də oturmuşam. Hadisənin şokunda da deyiləm. Bu kimi bir neçə tamaşa görmüşəm son 15-20 ildə. Sadəcə, bu dəfə Mollaya qəzəblənirəm. Ürəyimdə “Ay kişi, o boyda ad-sanın var, xeyli də yol yortub gəlmisən. Bu nə məzhəkə idi çıxardın?” demək istəyirdim ki, gec açılıb, tez bağlanan pərdənin arxasında eşidiləcək qədər qulağa gələnləri “götürüb” (səhnə də, kulis də aktyorundur və öz oyununa ən yaxşı qiyməti o özü verir) teatrı tərk edirəm.
Bayırdakı külək vıyıldaya-vıyıldaya qulağıma Mollanın “Cənab qazı, zəhmət çəkməyin!... Mən kağıza baxmışam. Səhv kağızda deyil, yağ küpəsindədir” əhvalatını yetirir. Öz-özümə “Şükür, yenə yaxşı qurtardıq” deyib qəşş edirəm...
Həmidə Nizamiqızı