Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə keçirilən Musiqi Forumu ikinci günündə, oktyabrın 30-da işini sessiyalarla davam etdirib.

“Gamma group” şirkətinin direktoru, pianoçu Zəhra Bədəlbəylinin moderatorluğu ilə keçirilən “Milli musiqi sənayesinin inkişafı” adlı panel sessiyada musiqi sənayesinin ekosisteminin formalaşması, daxili bazarın imkanlarının genişləndirilməsi, musiqi məhsullarının yeni kommersiyalaşma üsulları, musiqi sənayesində əqli mülkiyyət hüquqları, dinləyici kütləsinin cəlb olunması yolları, alternativ və underground musiqi cərəyanlarının perspektivləri (rok, rep, meyxana və s.) kimi məsələlər ətrafında çıxışlar dinlənilib.

Əqli Mülkiyyət Agentliyi Aparatının rəhbəri Xudayət Həsənli əqli mülkiyyət, musiqi əsərlərinin satınalması məsələlərindən danışıb.

"Xəzər" TV-nin prezidenti, "M Group Production" şirkətinin rəhbəri, Xalq artisti Murad Dadaşov televiziyanın kütlənin zövqünə təsir imkanları və yaradıcılıq sənayesinin tənzimlənməsi mexanizmlərindən bəhs edib.

Bəstəkar, Əməkdar artist Rain Sultanov musiqi təhsili ocaqlarında sənət təhsili ilə yanaşı, prodüser, marketinq-menecment üzrə mütəxəssislərin hazırlanmasının vacibliyini vurğulayıb.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, "Apeks Advayzers" hüquq şirkətinin təsisçisi Nazlı Əhmədova milli musiqi sənayesinin inkişafının hüquqi aspektlərini, müəlliflik məsələsi ilə bağlı fikirlərini bölüşüb.

Bəstəkar, pianoçu İsa Məlikov musiqi təhsilində təcrübəli mütəxəssislərin çatışmazlığı məsələsini gündəmə gətirib. Bunun üçün dünyada qəbul olunmuş vahid sistemin ölkəmizdə tətbiqinin zəruriliyini vurğulayıb.

Prodüser və televiziya aparıcısı Emin Əfəndi qeyd edib ki, musiqi sənayesi bir çox hallarda yalnız “toy bazarı” ilə tənzimlənir. Halbuki, sənətçi gəlirini toylardan əldə etmək məcburiyyətində qalmamalıdır.

Çıxışlarda zəngin ənənələri, görkəmli simaları olan musiqimizdə hazırda bir xaosun müşahidə edildiyini, istehsalçı ilə istehlakçı arasındakı rabitəsizlik kimi məqamlara toxunulub, təkliflər səsləndirilib.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.