Bu günlərdə Lənkəran Dövlət Dram Teatrı qırğız yazıçı Çingiz Aytmatovun “Cəmilə” tamaşası ilə Bakıda qonaq oldu. Daha doğrusu, səhnə əsərinin ikinci premyerası Bakıda gerçəkləşdi.
Dünyaca məşhur ədibin “Cəmilə” povesti əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru İmran Ali Qurban, bəstəkarı Azər Hacıəsgərli, quruluşçu rəssamı Tərlan Sadıqov, rəssamı Nərgiz Baxşızadə, geyim üzrə rəssamı Gülü Süleymanlı, rejissor assistenti Günay Səlimzadədir.
Rolları Aysel Babazadə (Cəmilə), Teymur Hacızadə (Seyit), Emil Rzayev (Danyar), Aynur Əhmədova (Ana), Buludxan Buludov (Orozmət ağa), Saleh Əzimzadə (Osman), Səyyad Əliyev (Sadiq), Ayşən Əsədova, Məleykə Cəfərova, Günel Abbaszadə, Vəfa Hacızadə (kəndli qızlar), Əlirza Şahbazi və Amil İbrahimli (kəndli oğlanlar) ifa edirlər.
Məlum olduğu kimi, əsər müəllifin doğulub boya-başa çatdığı Talas vadisinin tarix və mədəniyyətini özündə əks etdirir. Eyni zamanda müəllifin müharibəyə, imperializmə qarşı etirazının bədii ifadəsidir.
Cəmilə kəndin gözəl və çılğın qızlarındandır. İpə-sapa yatmayan, sadəlövh təsiri bağışlayan həyatsevər qızcığaz sevib-sevilmədən kəndin köklü ailələrindən birinə gəlin olur. Cəmilə həyat yoldaşı Sadiqi sevməsə də, taleyi ilə razılaşır. Sadiqin anası mərd, xətir-hörmət sayan xanımdır. Sadiqin bir də balaca qardaşı Seyit var. Gənc cütlük təzəcə evlənmişdi ki, müharibə xəbəri aləmi yasa bürüyür. II Dünya müharibəsi bu sadə ailənin də düzənini pozur, Sadiq də cəbhəyə yollanır.
Kəndin, demək olar ki, bütün kişiləri cəbhədədir. Məişətlə yanaşı, kolxoz-sovxozun da bütün yükü qadınların çiyinlərindədir. Artıq savaşın başlamasından üç il keçib. Ümidlər öləziyib, itkilər artıb. Bircə Cəmilənin həyatsevərliyi, uşaq xasiyyəti, çılğın ovqatı onu tərk etməyib... Qaynı balaca Seyitlə zəmilərdəki buğdaları kisələrə yığıb arabalarla daşıyıb vaqonlara yükləyir, cəbhəyə yola salırlar. Beləcə, kişilərin görməli olduqları işləri, uşaqlar, qadınlar icra edirlər.
Müharibədə ayağından yaralanmış Orozmət ağa adlı kişi hər kəsdən gecə-gündüz iş tələb edir. Günlərin birində müharibənin üz-gözündə silinməz iz buraxdığı yaralı, axsaq əsgər onların yanına gəlir. Bütün məsələlər də bundan sonra başlayır.
Qaradinməz Danyar bütün günü işləyir, heç kimə məhəl qoymadan yalnız taxıl daşıyır. Bu etinasızlıq, sözsüz ki, Cəmilənin diqqətini cəlb edir. Gənc qadın ona göz qoyan digər kəndlisi Osmandan imtina eləsə də, meylini Danyara salır. Onlar bir-birlərinə aşiq olurlar. Sözsüz ki, əri cəbhədə olan bir qadın başqa bir kişini sevə bilməz kimi qadağa onları da müşayiət edir və nəhayət, çıxış yolu tapılır. Aşiqlər kənddən qaçırlar. Bu zaman Sadiq cəbhədən dönür. Arvadının qaçma xəbərinə əsib-coşsa da, Cəmilədən daha gözəl biri ilə evlənəcəyinə əmindir. Bu arxayınlıq ilə acığını qardaşı Seyitdən, daha doğrusu, onun çəkdiyi rəsmdən çıxır. Axı balaca Seyitin ən böyük arzusu rəssam olmaq idi. Cəmilə çox istədiyi tək sirdaşı Seyitə güvənir və onu böyük rəssam olacağına inandırırdı. Elə bu həvəskar rəssam da onları, əslində, Cəmiləni yaddaşına yazmaq üçün gizlicə ikisinin rəsmini çəkmişdi... Cəmilə bilmədən həm də Seyitin ilk məhəbbətidir. Məhz bu nisgilli məhəbbət Seyiti rəssam edir.
İndi də keçən bu mətləblərin rejissor həllinə. Öncə deyim ki, bu tamaşa rejissorun debütü olduğundan çox da dərinə getməyəcək, onu həvəsdən salmayacam. Ən azı ona görə ki, məhz ilk cəhdindən “Cəmilə” kimi dağınıq hiss və düşüncələrin səhnə ifadəsinə cəhd edib.
Tamaşanın səhnə tərtibatı yaxşı idi. Sadə mexanizmlə səhnədə hərəkət edən at arabası ümumi planda dolğunluq yaradırdı və bunu alqışlamaq olar. Di gəl ki, biz tamaşada temp üçün dəfələrlə irəli diyirlənən çarxları, arabada at mahmızlayırmış kimi irəli-geri dartınan oyunçuları görsək də, musiqi tərtibatçıları su şırıltısı, qatar taqqıltısı, göy gurultusu, külək vıyıltısı, yağış şırıltısı effekti yaradan səslər çıxarsalar da, bircə tamaşa boyu dəfələrlə “mənim atlarım”, “sənin kəhərlərin”, “yorğun köhlənlər”in nə kişnərtisini, nə də fınxırtısını eşitdik.
Yağış demişkən, heyətin məxsusi təqdim etdiyi bu leysan üzərindən quru keçməyək. Ən azı, səhnədə sel gedirdi deyə. Bəli, təbii yağış effektinə çalışıldı. Məqam-məqam aktyorlara narahatlıq yaratsa da, yaxşı cəhd idi.
Tamaşa boyu gözümüzü-könlümüzü işğal edən bir məqamı qeyd etməyə bilmərəm. Maraqlıdır, uzaq qırğız kəndində at çapıb, zəmi biçib, belinə tay-tay buğda şəlləyən qız niyə elə geyinsin ki? Nə bilim, yəqin, elə dəb imiş. O kənddə bilmirəm, amma səhnədə Cəmiləmiz əməllicə əziyyət çəkdi...
Tərtibatda sadəliyə, müharibə ovqatına köklənən heyət nədənsə musiqidə farsı qırğıza, qatıb-qarışdırmışdı. Doğrudur, tamaşa üzərində bəstəkar işi var. Bu, dövlət sifarişi xaric az-az tamaşalarda rast gəldiyimiz haldır və məhz buna görə lənkəranlı teatr təmsilçilərini alqışlayıram. Özü də son illər kino və teatr musiqisi sahəsində öz dəst-xətti ilə seçilən A.Hacıəsgərlinin peşəkarlığına sözüm yoxdur. Amma bu tamaşada ya zəlzələdən, ya vəlvələdən, fars ritmləri, o musiqiyə xas milizmalar yerində deyildi.
Aktyor oyunu barədə də bir neçə kəlmə. Tamaşanın ümumi ansamblı və ifadə meyarları üzərində iş var idi. Di gəl, Ana obrazı Aynur xanım üçün deyildi. Potensialı və istedadı, səhnədə duruşu ilə kifayət qədər bəyəndiyim aktrisa burada heç cür özü ola bilmədi. Səsindən oyununa bütün məqamlarda özü də bizə qoşulub az qala “Mən bu tamaşada niyə varam?” sualına cavab axtarırdı. Bu sözləri Cəmilə rolunun ifaçısının da ayağına yazmaq olar. Səhnədə cazibədar görünmək məsələni həll eləmir...
Lənkəran teatrının Sadiqi, Danyalı (aktyor bu obrazda özünü kəşf etdi, məncə), Seyiti, komandiri, Osmanı baxımlı oyun sərgilədilər. Yeniyetmə oğlanı ifa edən aktyor qəhrəmanı ilə özü arasında maraqlı bir dialoq yaratmışdı və biz onun əyninə biçilən obrazını çox təbii qarşıladıq.
Tamaşa ümumilikdə pis alınmamışdı. Sadəcə, ayrı-ayrılıqda olan iş bir arada vahid nizama otura bilmədi. Elə bil nə isə çatmırdı və o çatışmayan “nə isə” rejissordan başqa hər kəsə məlum idi...
Həmidə Nizamiqızı