Azərbaycan Aşıqlar Birliyində (AAB) hazırlanmış daha bir kitab işıq üzü görüb.
AAB-nin katibi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun müəllifi olduğu “Şair Ağacan: ömür yolu, mühiti və sənəti” adlı kitab əslən Qərbi Azərbaycandan olub, sonradan ömrünün çox hissəsini Borçalıda yaşayan, ötən əsrin 30-40-cı illərində sovet repressiya maşınının qurbanlarından olan Ağacan Cabbarlının həyat və yaradıcılığına həsr olunub.
Ağacan Cabbar oğlu Cabbarlı 1876-cı ildə Qərbi Azərbaycanın Şorayıl mahalındakı Qarakilsə (Qaraisə) kəndində anadan olub. Erməni zülmündən yaxa qurtarmaq üçün sonradan Borçalıda (Gürcüstanın Marneuli rayonundakı Qaçağan kəndində) məskunlaşıb, ömrünün çox hissəsini burada yaşayıb-yaradıb. Borçalıda aşıq sənətinin inkişafında böyük xidmətləri olan Ağacan Cabbar oğlu Cabbarlı 1943-cü ildə sovet hökuməti əleyhinə təbliğatda günahlandırılaraq həbs olunub, yalnız Səməd Vurğunun köməkliyi ilə həbsdən yaxasını qurtara bilib. 1949-cu ildə ikinci dəfə həbs olunub və Sibirə sürgün edilib. 1951-ci ildə Sibirdə sürgündə ikən vəfat edən Şair Ağacanın nəşinin qalıqlarını 1956-cı ildə bəraət aldıqdan sonra Borçalıya qayıdan həyat yoldaşı məzardan çıxararaq Vətənə gətirib və burada yenidən torpağa tapşırılıb.
Şair Ağacanın yaradıcılığı indiyədək əsaslı şəkildə tədqiq olunmasa da, saz-söz ustadının şeirləri və yaratdığı dastanlar bu gün də aşıqların repertuarında mühüm yer tutur.
Kitabın elmi məsləhətçisi AAB-nin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, elmi redaktoru ADPU-nun Ədəbiyyat kafedrasının müdiri dosent Razim Məmmədli, rəyçi folklorşünas, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlidir.