“Şuşa başdan-ayağa Qələbə və vətənpərvərlik qoxuludur...”

 

Xəbər verdiyimiz kimi, 1-4 noyabr tarixlərində ölkəmizdə I TÜRKSOY Teatr Festivalı keçirildi. Festival çərçivəsində oktyabrın 31-də Şuşada TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu toplantısı gerçəkləşdi.  Toplantıdan əvvəl qonaqlar Şuşanın gəzməli-görməli məkanları ilə tanış oldular. Qaradaş ölkələrdən gəlmiş qonaqların Qarabağla, onu tacı Şuşa ilə bağlı düşüncələrini öyrəndik.

 

Çimkənd Qazax Akademik Dram Teatrının rejissoru Sultan Srailov:

– Çox şadam ki, Şuşadayam. Burada olmaq mənim üçün xoşbəxtlikdir. Bilirsiniz niyə? Çünki sən öz vətənində olanda qardaş türk xalqının oğullarının igidliyi, qəhrəmanlığı, Qələbəsi barədə xəbərlər oxuyursan. Həmçinin Azərbaycana gedib-gələn dost-tanışın bu haqda danışır. Amma bir gün özün gəlib bütün bu həqiqətlərin şahidi olursan. Biz illərdir bu günləri arzulamışıq və nəhayət ki, arzular çin olub. Şuşa başdan-ayağa Qələbə və vətənpərvərlik qoxuludur. Mən Qələbədən sonra hər zaman deyirəm ki, vətəni azərbaycanlılar kimi sevmək lazımdır. Mən Bakıda və Şəkidə çox olmuşam. Amma Şuşaya ilk dəfə gəlirəm. Yolboyu hər yerdə şəhid oğulların fotoları, bayraqları görmək məndə unudulmaz təəssürat yaratdı. Bu ehtirama görə də çox təsirləndim. Hər bir millət öz torpağında yaşamalıdır”.

 

Türkiyəli yazıçı-dramaturq Mustafa Bal:

– Bu, Azərbaycana ilk gəlişimdir. Biz bu gün Şuşadayıq. Bu əsrarəngiz gözəlliklər, Azərbaycanın Qələbəsi yazarlar tərəfindən qələmə alınmalı, Türk dünyasında geniş təbliğ olunmalıdır. Bütün dünyaya sübut edildi ki, Qarabağ Azərbaycan torpağıdır. Festivala gətirdiyimiz tamaşalar da ulu türk tarixinin məqamlarını əks etdirir. Məqsədimiz türk dövlətləri arasında sənət bağını daha da möhkəmləndirməkdir.

 

TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının sədri professor İsrafil İsrafilov:

– Böyük sevgi və qürurla deyirəm ki, biz bu gün Şuşadayıq. Həqiqətən, mübarək və gözəl gündür. Azad şəhərimizdə türk xalqlarının nümayəndələri ilə bərabər birliyimizin nümayişi olaraq əhəmiyyətli bir mədəniyyət layihəsini reallaşdırırıq. Sevinməyə, bayram etməyə, xoş ovqat yaşamağa tam haqqımız var.

 

Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı:

– Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan, eləcə də təşkilatın müşahidəçi üzvləri Şimali Kipr Türk Cümhuriyyəti və Moldovanın Qaqauz Yerindən olan nümayəndələrlə Şuşanın tarixi məkanları, küçələri, təbiəti ilə tanış olduq. Şuşada teatr rəhbərlərinin toplantısının keçirilməsi qardaş xalqların teatr əlaqələrinin inkişafına töhfə olacaq. Azərbaycan Mədəniyyət Nazirliyi və TÜRKSOY-un təşkilatçılığı ilə təşkil edilən festival isə bir ilk olmaqla teatr sahəsində əməkdaşlığa öz müsbət təsirini göstərəcək.

 

Xarəzm Musiqili Dram Teatrının (Özbəkistan) direktoru Dinarahan İbrahimova:

– Azərbaycana ikinci gəlişim. İlk dəfə 2019-cu ildə Şəkidə keçirilən X İpək Yolu Beynəlxalq Musiqi Festivalında iştirak etmişəm. Azərbaycanın Qələbəsindən sonra arzularımdan biri də Şuşada olmaq idi. İnanmazdım ki, belə tezliklə buraya gələ bilərəm. Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” seçilsə də, mənim üçün həm də qəhrəman şəhərdir. Biz bir qədər əvvəl Üzeyir Hacıbəylinin heykəli önündə olduq. Ötən il teatrımızda onun məşhur “Arşın mal alan” əsərini səhnələşdirmişik. Bizdə Üzeyir bəyin əsərlərini çox sevirlər və onu sanki özümüzünkü hesab edirik. Xarəzm vilayətində Azərbaycan və özbək dilləri eynilik təşkil edir. Bir-birimizi tərcüməçi olmadan da başa düşürük. Azərbaycana bu gəlişim dərin iz qoyacaq yaddaşımda.

Onu da deyim ki, Molla Pənah Vaqifin “Durnalar” şeiri Özbəkistanda çox məşhurdur. Hətta bizdə bu şeirə mahnı da bəstələnib.

 

Məhdimqulu adına Türkmənistan Dövlət Musiqili Dram Teatrının direktoru Murad Aradov:

– Üzeyir Hacıbəylinin heykəli önündə çəkdirdiyim fotonu Türkmənistanda dramaturq dostuma göstərəcəyəm. Dostumun 75 yaşı var. O, mənim Vaqif və Üzeyir bəyin abidələrini ziyarət etdiyimi biləndə çox sevinəcək. Biz Üzeyir bəyin “Arşın mal alan” əsərini tamaşaya qoymuşuq. Həmçinin onun “Ər və arvad” və “O olmasın, bu olsun”u bizdə populyardır. Qurduğumuz bu mədəniyyət körpüsündən gələcək nəsillərimiz də keçəcək. Bu körpünü möhkəmləndirmək bizim ümdə vəzifəmiz olmalıdır.

 

Şimali Kipr Türk Cümhuriyyəti Dövlət Teatrlarının müdiri Hakan Elmasoğlu:

– Şuşaya səfərimdən çox xoşbəxtəm. Dövlət teatrlarımızı təmsil edirəm. İlk növbədə Azərbaycandan dəvət aldığımıza çox məmnunuq. Bildiyiniz kimi, bizi dünyanın bir çox ölkələri qəbul etmir. Təşkilatçılara yaradılan imkana görə təşəkkür edirəm. İstəyimiz bundan sonra sizlərlə, qardaşlarımızla hər zaman birlikdə ola bilməkdir. Sözlə ifadə olunmayacaq qədər unudulmaz anlar yaşayırıq.

L.Azəri