“Heydər Əliyev İli” ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində Meksikanın paytaxtı Mexikodakı Milli İncəsənət Mərkəzində Azərbaycan muğamı konserti keçirilib.
Konsert UNESCO üzrə Azərbaycan Milli Komissiyası və ölkəmizin Meksikadakı səfirliyinin birgə təşkilatçılığı, Meksika Mədəniyyət Nazirliyi və Milli İncəsənət Mərkəzinin dəstəyi ilə gerçəkləşib.
Ölkəmizin Meksikadakı səfirliyindən bildirilib ki, tədbirdə yerli rəsmilər və ictimaiyyət təmsilçiləri, diplomatik korpusun nümayəndələri, media mənsubları, həmçinin bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Səfir Məmməd Talıbov qonaqlara 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi, Ümummilli liderin tarixi xidmətləri barədə danışıb. Tədbir iştirakçılarına üç il əvvəl baş verən Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğalına son qoyulması və 8 Noyabr – Zəfər Günü barədə də məlumat verilib.
Meksika Milli İncəsənət Mərkəzi Baş İdarəsinin Akademik direktoru Antonio Zunyiqa Çaparro coğrafi baxımdan bir-birinə uzaq olmasına baxmayaraq, mədəniyyətin, xüsusilə də milli musiqilərin ölkələrimizi yaxınlaşdırdığını qeyd edib.
Sonra “Qarabağ” musiqi qrupunun rəhbəri Xalq artisti Mənsum İbrahimov (xanəndə), Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artistlər Elnur Əhmədov (kamança) və Kamran Kərimovun (nağara) ifasında Azərbaycan muğamının inciləri, xalq mahnıları, o cümlədən Meksika musiqi nümunəsi səsləndirilib.
Tədbirin iştirakçıları Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotosərgi ilə də tanış olublar.
Xatırladaq ki, bundan öncə “Qarabağ” musiqi qrupunun iştirakı ilə Kubada konsert təşkil edilmişdi.