Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən “Zəfər” musiqi və teatr festivalı bölgələrdə də silsilə tədbirlərlə davam edir.

“Zəfər” festivalının daha bir konserti İsmayıllı şəhərində keçirilib. Beynəlxalq Muğam Mərkəzinin (BMM) solistlərinin ifasında noyabrın 6-da şəhərdəki Heydər Əliyev Mərkəzinin qarşısında, açıq havada maraqlı konsert proqramı təqdim olunub.

İctimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri konserti izləyiblər.

Əvvəl İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkili Novruz Aslan, bədii qiraətçi Pünhan İsmayıllı çıxış edərək Zəfər bayramı münasibətilə rayon sakinlərini təbrik ediblər.

Daha sonra söz incəsənət ustalarına verilib. BMM-in solistləri – xanəndələr Elgiz Əliyev, Nisbət Sədrayeva, Könül Xəlilzadə və Məmməd Nəcəfovun çıxışları sakinlər tərəfindən alqışlarla qarşılanıb. Xanəndələri Rüstəm Müslümov (tar), Elnur Salahov (kamança), Məhta Məhəmmədəlizadə (qanun), Səyyar Teymurov (nağara) və Pərviz Mirzəyev (balaban) müşayiət edib.

***

Festival çərçivəsində noyabrın 2-də Sabirabad rayon Mədəniyyət Mərkəzində musiqili tədbir keçirilib.

Tədbirdən öncə rayon rəhbərliyi, Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı və mədəniyyət işçiləri Ulu öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Tədbirdə Dövlət Mahnı Teatrının instrumental ansamblı tərəfindən tarixi Zəfərimizə həsr olunan rəngarəng musiqi proqramı təqdim olunub. Konsertdə Xalq artistləri Gülyaz Məmmədova, Heydər Anatollu, solistlər Rövşən Qəhrəmanov, Ayşən Mehdiyeva, Fəxri Kazım-Nicat, Aynur İsgəndərli çıxış ediblər.

***

“Zəfər” festivalının daha bir tədbiri Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində gerçəkləşib. Tədbirdə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri konsert proqramı ilə çıxış edib. Orkestrin ifasında vətənpərvərlik mövzusunda musiqi əsərləri səsləndirilib.

***

Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi Əməkdar artist Loğman Kərimovun quruluş verdiyi “Dəmir yumruq” adlı ədəbi-bədii kompozisiya ilə Lənkəranda çıxış edib.

Lənkəran Dövlət Dram Teatrında keçirilən tədbirdə sənət ocağının direktor vəzifəsini icra edən İntiqam Hacılı və Şuşa teatrının baş inzibatçısı Yaşar Muradov çıxış ediblər.

Tamaşaçıların maraqla qarşıladığı kompozisiyada rolları Xalq artisti Şükufə Musayeva, Əməkdar artistlər Teymur Məmmədov, Nazir Rüstəmov, aktyorlar Xanirə İsgəndərova, Rasəf Mehdiyev, Bahar Həmzəyeva, Emin Sevdiməliyev və Nihad Heybətov ifa ediblər.

***

Azərbaycan Dövlət Rəqs Ansamblı isə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Mənim Azərbaycanım” adlı konsert proqramını təqdim edib. Konsert gəncəli tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

***

Noyabrın 3-də Sumqayıt şəhərindəki “Kimyaçı”lar Mədəniyyət Sarayında festivalın növbəti musiqi axşamı təşkil edilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Abşeron-Xızı RMİ-nin rəisi Fərid Qurbanzadə, mədəniyyət və təhsil işçiləri iştirak ediblər.

F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəngarəng konsert proqramı təqdim olunub. Konsertdə Xalq artisti Zabit Nəbizadə, Əməkdar artistlər Almaz Orucova, Nuriyyə Hüseynova, solistlər Vəfa Orucova, Nigar Mirzəyeva, Nurlana Abdullayeva, Rəvanə Qurbanova, İdris Tağıyev çıxış ediblər. Konsert proqramı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, “Zəfər” festivalı çərçivəsində noyabrın 8-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Ülviyyə Heydərovanın “İnanıram” monotamaşasını Ağdam Dövlət Dram Teatrında (Quzanlı qəsəbəsi) nümayiş etdirəcək.

Nurəddin Məmmədli