Şuşa işğaldan qurtuluşun üçüncü ildönümündə

 

8 Noyabr – Azərbaycanın yeni tarixinin və ümumilikdə götürsək, minilliklərlə ölçülən ulu tariximizin ən şanlı səhifəsi, xalqımızın şan-şərəf salnaməsi olan 2020-ci ilin Vətən müharibəsində Zəfər Günüdür. Bu Zəfərin tacı olan qala-şəhərimiz, mədəniyyət paytaxtımız bu gün həm də təqvimimizdə yerini yeni alan günü – Şuşa Şəhəri Gününü qeyd edir.

Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin vətəni olan Şuşanı, onun füsunkar təbiətini, daşını-qayasını, yaşıl yamaclarını, buz bulaqlarını yada salıb köks ötürdüyümüz o acı dövran artıq üç ildir geridə qalıb.

Zəfərli şəhər bu əlamətdar günü yeni növrağı, aybaay, günbəgün dirçələn, daha möhtəşəm görkəm alan quruculuq mənzərəsi ilə qarşılayır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşaya gəliblər.

Dövlətimizin başçısı və birinci xanım Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov görülən işlər barədə məlumat verib.

Bildirilib ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən ilin iyulunda, 15 binanın inşasına isə sentyabrında başlanılıb. Kompleksin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdırılır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hazır mənzillərdə yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, yaşayış kompleksində ümumilikdə 450, o cümlədən 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Keçmiş məcburi köçkünlərin binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Noyabrın 7-də Prezident və birinci xanım Şuşa şəhərində “Qızlar gimnaziyası” tarixi abidə binasında həyata keçiriləcək işlərlə tanış olublar.

Məlumat verilib ki, Şuşada müstəqil qız məktəbi 1875-ci ildə şəhər əhalisinin təşkil etdiyi “Xeyriyyə cəmiyyəti” tərəfindən təsis olunub. Dini etiqadından və mənşəyindən asılı olmayaraq, bütün qızlara burada təhsil almaq imkanı yaradılmışdı. Tədris planına rus dili, hesab, ana dilində oxuma, yazma, hüsnxət, rəsm, rəsmxət, ümumi coğrafiya, tarix, ölkəşünaslıq daxil idi. Eyni zamanda, məktəbdə milli mahnılar öyrədilir, təbiət, tarix və fizikadan dərs verilirdi.

Məktəbdə təhsil ödənişli olsa da, kasıb ailələrin övladları təhsil haqqından azad idilər. Qızların rus dilində təhsilinə diqqəti artırmaq və xərcin bir qismini xəzinədən ödəmək şərti ilə Şuşa qız məktəbi 1894-cü ildə Şuşa Mariinski qız məktəbi adını alıb və dördsinifli məktəbə çevrilib. Məktəb 120 şagirdlə fəaliyyətə başlamışdı. Artıq 1895-1896-cı tədris ilində burada 147 qız təhsil alırdı. Bu məktəbin təşkili azərbaycanlı qızların da rus dilində təhsilinə şərait yaratmış, bununla da azərbaycanlı qızların Avropa təhsilinə yolları açılmışdı.

Bina sovet dövründə internat məktəbi kimi də fəaliyyət göstərib. Gələcəkdə buranın dekorativ-tətbiqi sənət mərkəzi və mədəni sahələr üzrə inzibati bina kimi istifadə olunması planlaşdırılır.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şuşada Pənahəli xan küçəsində yerləşən bir sıra binalarda həyata keçiriləcək bərpa və yenidənqurma layihələri ilə tanış olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verib.

Bildirilib ki, Pənahəli xan küçəsindəki bir sıra binaların bərpası və yenidən qurulması yüksək səviyyədə həyata keçiriləcək.

***

Şuşa şəhərində peşə məktəbinin və kollecin binalarına baxış keçirilib. Elm və təhsil naziri Emin Əmrullayev görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, peşə məktəbi və kollec Şuşanın tarixi Hamamqabağı, Seyidli və Culfalar məhəllələrində yerləşir. Sovet dövründə həmin ərazidə keçmiş kənd təsərrüfatı texnikumu və onun yataqxanası yerləşirdi. Həmin ərazidə peşə məktəbi də tikilmişdi.

***

Dövlətimizin başçısı və birinci xanım Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər. 960 şagird yerlik üçmərtəbəli bina beş blokdan ibarətdir. Burada hər biri 40 sinif otağı, 2 fizika, 2 kimya, 2 biologiya, 2 texnologiya, 2 informatika otağı, STEAM mərkəzi, kitabxana, oxu zalı, gənclərin ibtidai hərbi hazırlığı, rəssamlıq və musiqi kabinetləri, yeməkxana, akt və idman zalları, tibb, müayinə və inzibati heyət üçün iş otaqları var.

***

Prezident və birinci xanım noyabrın 7-də Şuşada “Yasəmən” hotelinin açılışında da iştirak ediblər. Hoteldə yaradılan şərait barədə məlumat verilib.

İşğaldan azad edilən ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa və quruculuq işlərinə Heydər Əliyev Fondu da öz töhfəsini verməkdədir. Fondun Qarabağdakı layihələri Ağdam Cümə məscidi, Zəngilan şəhər məscidi, Şuşada Aşağı Gövhər ağa məscidi, Yuxarı Gövhər ağa məscidi, Saatlı məscidi, Mamayı məscidi və bulağı, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Şuşada Yaradıcılıq Mərkəzi, Üzeyir Hacıbəylinin Ev-Muzeyi və digər tarixi-mədəni abidələrin bərpa və yenidən qurulmasını, Şuşada yeni məscidin inşasını əhatə edir. Tarixi Zəfərimizin növbəti ildönümü ərəfəsində Şuşada bərpası başa çatan və təqdim edilən layihələrdən biri də “Yasəmən” hotelidir.

Bildirilib ki, XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş, Şuşa şəhərinin Köçərli küçəsində yerləşən üç yaşayış binası işğal zamanı dağıdılaraq istifadəyə yararsız vəziyyətə salınıb. Heydər Əliyev Fondu ərazidə layihələndirmə işləri apararaq, 2022-ci ilin may ayından etibarən həmin yaşayış binalarının təmir-bərpa işlərinə başlayıb. Bərpa zamanı binalarda təməlbərkitmə işləri görülüb, divarlarda daxili bərkitmə işləri aparılıb. Mərmi düşməsi nəticəsində binanın dağılmış hissələri yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər isə sökülüb.

Fond tərəfindən bərpa edilən binalar hotel kimi istifadəyə verilib. Autentik üslubda bərpa edilən “Yasəmən” hotelinin eksteryer və interyeri buraya gələnləri orta əsr Şuşasına qaytarır. Qonaqlar hotelin həyətində dövrünün üslubuna uyğun salınan bağçada və terrasda dincələ, şəhərin mənzərəsini seyr edə bilərlər. Terrasdan Mehmandarovların malikanə kompleksinə və ümumi şəhərə gözəl mənzərə açılır.

***

Prezident və birinci xanım Şuşada Heydər Əliyev Fondu tərəfindən Mamayı məscidində aparılan bərpa işləri ilə tanış olublar. Bildirilib ki, məscid XIX əsrin sonlarında Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilib. Sovet dövründə məscid binası poeziya evi kimi fəaliyyət göstərib. Hazırda məsciddə “PAŞA Holding”in dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən bərpa işləri həyata keçirilir.

Dövlət başçısı və xanımı Şuşada İsa bulağında olublar, Qala divarına və ətraf əraziyə baxış keçiriblər.