Moskvada türkmən musiqisinin tanınmış siması Nuru Xalməmmədov adına 7-ci “Dütarın səsləri” Moskva Beynəlxalq İncəsənət Festivalı keçirilib.

Rusiya Rəssamlıq Akademiyasının muzey və sərgi salonunda keçirilən festivalın qala-konsertində ölkəmizi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının məzunu, hazırda isə N.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı Teymur Kazımov, beynəlxalq müsabiqələrin laureatı Xeyrənsə Mirzəyevanın rəhbərliyi ilə nümunəvi “Çinar” Azərbaycan xalq mahnı və rəqs xoreoqrafik ansamblı təmsil edib.

Onların ifasında tamaşaçılara Fikrət Əmirovun “Azərbaycan elləri” kompozisiyası və Azərbaycan rəqslərindən ibarət popurri təqdim olunub.

Bir həftə davam edən festival çərçivəsində Dariy Əsədullayevin “Boz Xəzər dənizinin sahilində” layihəsi də nümayiş olunub.

Festivalın ən mühüm məqsədlərindən biri müasir kontekstdə klassik musiqinin ruhunu qorumaqdır.

“Dütar səsləri” Moskva Beynəlxalq İncəsənət Festivalının bədii rəhbəri bəstəkar, pianoçu və ictimai xadim, Avrasiya Bəstəkarlar İttifaqının Türkmənistan regional bölməsinin sədri Məmməd Hüseynovdur.