Noyabrın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin və “Meh” ədəbi dərnəyinin təşkilatçılığı ilə “Biz qalibik!” adlı möhtəşəm tədbir keçirilib.
ADPU-dan bildirilib ki, Zəfər Gününə və “Meh” ədəbi dərnəyinin illik hesabatına həsr olunan tədbirdə Pedaqoji Universitetin rəhbərliyi, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov, şəhid anaları, müharibə veteranları, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri, eləcə də universitetin professor-müəllim və tələbə heyəti iştirak edib.
Əvvəlcə, ali təhsil ocağının foyesindəki “Zəfər guşəsi” ziyarət edilib, şəhid tələbə və məzunların xatirələri anılıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov və beynəlxalq əlaqələr üzrə prorektor, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova qeyd etdilər ki, bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq ərazi bütövlüyü və suverenliyimiz tam bərpa edilib, şəhidlərin qanı bahasına azad edilən doğma torpaqlarımızda Azərbaycan Bayrağı qaldırılıb.
Daha sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin nümayəndələri tərəfindən rektor C.Cəfərov və professor Mahirə Hüseynova birliyin Vətən müharibəsindəki tarixi Zəfərimizə həsr olunmuş “Böyük Zəfər” xatirə medalı ilə təltif ediliblər.
“Meh” ədəbi dərnəyinin üzvlərinin hazırladıqları səhnəciklər, videoçarxlar və vətənpərvərlik ruhunda şeirlər iştirakçılara duyğulu anlar yaşadıb.
Tanınmış incəsənət nümayəndələrindən Əməkdar artist Elnur Zeynalov, Respublika Muğam Müsabiqəsinin qalibi Almaxanım Əhmədli, Şahin İsmayılov və digərlərinin ifaları tədbirə xüsusi rəng qatıb.
Sonda “Meh” ədəbi birliyinin üzvlərinin Zəfər Günü münasibətilə keçirdikləri “Biz qalibik!” fləşmobunun görüntüləri nümayiş olunub, rəqs qrupunun nömrələrinin müşayiəti ilə zalda üçrəngli Azərbaycan Bayrağı açılıb.