“Sınaq laboratoriyası”nda ərsəyə gələn ilk tamaşa nümayiş olunub

 

Akademik Milli Dram Teatrında yeni yaradılan “Sınaq laboratoriyası”nda ərsəyə gələn “Son xətt” tamaşası noyabrın 7-də təqdim olunub.

Tamaşanın nümayişindən əvvəl teatrın bədii rəhbəri Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxış edib. O, 8 Noyabr – Zəfər Günü münasibətilə kollektivi və tamaşaçıları təbrik edib, Zəfər Gününün qeyd olunmasının tarixi əhəmiyyətindən danışıb: “Bu, elə bir şərəfli tarix, elə bir gözəl gündür ki, biz bu tarixin iştirakçıları olduğumuz üçün özümüzü xoşbəxt sayırıq. Bizim elə arzularımız çin oldu ki, bu günləri ancaq yuxuda görə bilərdik. Bu döyüşlər ölkə gəncliyi üçün bir imtahan oldu. Azərbaycan əsgəri döyüşə atılmağa, qəhrəmanlıq göstərməyə, torpaqlarımızı azad etməyə hazır olduğunu öz şücaəti ilə bir daha göstərdi. Bu gənclik bu gün sənətdə də öz xidməti borcunu verir. Çalışırıq ki, mədəniyyətimizə xidmətimizlə bu tarixə töhfəmizi verək...”.

Mehriban Ələkbərzadə əlavə edib ki, Akademik Milli Dram Teatrının böyük hədəfləri, bu hədəflərə aparan yolun mərhələlərindən  biri də “Sınaq laboratoriyası”nı təşkil etməkdir: “Bu laboratoriyada Mədəniyyət və İncəsənət Universitetinin ən istedadlı tələbələrinin içərisindən kastinq yolu ilə, yardımçı heyətə gətirmək mərhələsi ilə yeni nəsil aktyor seçimini edəcəyik. Gələcəkdə truppamıza daxil etmək üçün onları məhz bu teatrın estetik və yaradıcı atmosferində yetişdirəcəyik. Teatrın korifeyləri, sənətkarları öz yaradıcılıq yolunu, mərhələlərini və ustadlığa doğru gəldikləri peşəkar xüsusiyyətləri onlara bir dərs olaraq keçəcəklər. Həmçinin laboratoriya gənc rejissorların, rəssamların, bəstəkarların, teatr sənəti üzrə mütəxəssislərin hazırlığı üçün nəzərdə tutulur. İl ərzində üç tamaşanın nümayişini planlaşdırırıq. Onlardan hansı yüksək qiymətləndirilsə, gənc kadrların təqdim etdiyi iş kimi Milli Dram Teatrının meyarlarına cavab versə, bu teatrın tamaşası olaraq kiçik səhnədən böyük səhnəyə vəsiqə qazanıb repertuara daxil ediləcək”.

Qeyd edək ki, “Son xətt” tamaşası Nobel mükafatçısı fransız yazıçısı Jal Pol Sartrın “Dəfn edilməmiş ölülər” əsəri əsasında hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Mehriban Ələkbərzadədir.

Yeni yaradıcılıq işində Mədəniyyət və İncəsənət Universitetinin tələbələri – Aydan Həsənzadə (Lusi), İlqar Səmədli (Fransua), Elçin Nurəliyev (Anri), Məmməd Rəfiyev (Kanoris), Nurlan Ağayev (Sorbiye), Ülvi Haşim (Jan), Nihad Aslan (I Polis) və Tural Rzayev (II Polis) çıxış edirlər.

Tamaşa düşmənə qalib gəlmək naminə döyüşə atılan, amma əsir götürülən insanların dözümündən bəhs edir. Verilən qurbanlar bahasına işğaldan qurtulmaq lazımdır və azadlıq əldə edilməlidir. Ən həlledici məqamda insan seçimi ilə öz mahiyyətini cızır.