Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Mobil Babayev 10 noyabr 2023-cü il tarixində, 78 yaşında vəfat edib.

Mobil Rəşid oğlu Babayev 23 dekabr 1945-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. 1964-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini viola və bəstəkarlıq (Nazim Əliverdibəyovun sinfi) üzrə başa vurub. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) viola ixtisası üzrə təhsilini davam etdirib.

1973-1984-cü illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru, sonra isə baş redaktor vəzifəsində, 1985-2007-ci illərdə Azərbaycan Televiziyasında Estrada-caz şöbəsinin (həmçinin 80-ci illərdə maraqla izlənilən “Caz həvəskarları klubu” verilişinin) musiqi redaktoru vəzifəsində çalışıb.

1976-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul olunan Mobil Babayev Azərbaycan musiqi mədəniyyəti tarixinə zəngin yaradıcılıq irsinə malik bəstəkar, istedadlı aranjimançı və dirijor kimi daxil olub. O, 5 simfoniya, “Çanaqqala” simfoniya-rekviyemi, fortepiano və kamera orkestri üçün konsert, viola və orkestr üçün 2 konsert, 3 oratoriya, 2 kantata və “Bayatılar” a kapella xor miniatürlərinin, 50-dən çox ekran əsərinə (“Pəncərə”, “Babamızın babasının babası”, “Mezozoy əhvalatı” və s. bədii, eləcə də sənədli və cizgi filmləri) musiqinin, caz və estrada simfonik orkestrləri üçün kompozisiyaların, 150-yə yaxın mahnının müəllifidir.

Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilən bəstəkar 2007-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına və 2019-cu ildə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu”na layiq görülüb.

Görkəmli bəstəkar, səmimi insan Mobil Babayevin işıqlı xatirəsi həmkarlarının və onu tanıyanların qəlbində yaşayacaq.

Allah rəhmət eləsin.