Azərbaycan xarici işlər nazirinin müavini, UNESCO-nun Baş Konfransının 42-ci sessiyasında ölkəmizi təmsil edən nümayəndə heyətinin rəhbəri Elnur Məmmədov tədbirdə çıxış edib.
E.Məmmədov əvvəlcə UNESCO Baş Konfransının sədri seçilməsi münasibətilə Rumıniyanın təşkilatdakı daimi nümayəndəsini və nümayəndəliyin rəhbərini təbrik edərək, onlara uğurlar arzulayıb. Azərbaycanın UNESCO-nun əsas tərəfdaşlarından olduğunu bildirən E.Məmmədov ölkəmizin mühüm qlobal təşəbbüslər vasitəsilə mədəniyyətlər və dinlərarası dialoqu ardıcıl olaraq təşviq etdiyini vurğulayıb. Bildirib ki, 2008-ci ildə Azərbaycan Prezidenti tərəfindən başlanmış Bakı Prosesi beynəlxalq və regional təşkilatlar, eləcə də UNESCO ilə tərəfdaşlıq çərçivəsində mədəniyyətlərin yaxınlaşmasına təkan verən mühüm platformaya çevrilib. O, ötən ilin oktyabrında üzv dövlətlərin yekdil dəstəyi ilə İcraiyyə Şurasının “Bakı Prosesi: Davamlı sülh və inkişaf naminə mədəniyyətlərarası dialoqun və sosial inklüzivliyin təşviqi” adlı qərarı ilə fəxr etdiyimizi bildirib.
Xarici işlər nazirinin müavini Ümumdünya İrs Komitəsinin 45-ci sessiyası çərçivəsində Azərbaycanın “Hirkan meşələri” və “Xınalıqlıların mədəni mənzərəsi və Köç yolu”nun Ümumdünya İrs Siyahısına daxil edildiyini xatırladaraq, ölkəmizin İcraiyyə Şurasının üzvü kimi UNESCO-nun mandatını səmərəli həyata keçirilməsinə dəyərli töhfə verdiyini diqqətə çatdırıb, Azərbaycanın Silahlı Münaqişə zamanı Mədəni Sərvətlərin Mühafizəsi Komitəsində fəaliyyətindən söz açıb.
Həmçinin Bakının Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Rəsmilərin 7-ci Beynəlxalq Konfransına (MINEPS VII) ev sahibliyi etməsindən, konfransın yekunu olaraq UNESCO-nun “Həyat üçün uyğun” idman proqramı çərçivəsində Bakı Yekun Sənədinin qəbul edilməsindən danışıb.
Bundan əlavə, Azərbaycanın fəal şəkildə dəstəklədiyi “Prioritet Afrika” proqramından söz açaraq, bu proqram çərçivəsində Milli Komissiyamızın həyata keçirdiyi mühüm layihələri xüsusi qeyd edib.
E.Məmmədov çıxışında Azərbaycanın bütün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa etdiyini vurğulayaraq, işğal dövründə Ermənistanın Azərbaycan xalqına qarşı etnik nifrət zəminində minlərlə tarixi, mədəni və dini abidələrini, məscidləri, məbədləri, muzeyləri talan etməsindən, dağıtmasından, Ermənistanın 1954-cü il Haaqa Konvensiyası və onun iki Protokolunu kobud şəkildə pozmasından, Azərbaycanın mədəni irs, muzey eksponatlarının Ermənistana ixrac edilməsindən danışıb. O, təhsil infrastrukturuna vurulmuş ciddi ziyandan, ICESCO-nun işğaldan azad edilmiş ərazilərimizə göndərdiyi texniki missiyadan söz açıb, Azərbaycanın Ermənistanı məsuliyyətə cəlb etmək üçün Beynəlxalq Ədalət Məhkəməsində məhkəmə prosesinə başlanıldığını bildirib.
Nümayəndə heyətimizin rəhbəri qeyd edib ki, indiki Ermənistan ərazisində Azərbaycanın mədəni, tarixi və dini irsi də davamlı dağıntılara məruz qalıb. Tarixi Azərbaycan toponimləri dəyişdirilib, Azərbaycan məscidləri və qəbiristanlıqları azərbaycanlıların izlərini yox etmək üçün Ermənistanın hər yerində vandalizmə məruz qalıb. O, Ermənistana texniki missiya göndərilməsini və bu faktların araşdırılması ilə bağlı UNESCO-ya müraciət edildiyini xatırladıb. Vurğulayıb ki, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə genişmiqyaslı yenidənqurma işlərinə, mədəniyyət və dini ocaqların bərpasına başlanılıb. O, son bir neçə həftə ərzində BMT-nin iki missiyasının, eləcə də Avropa Şurasının İnsan Hüquqları üzrə Müvəkkilinin ölkəmizə səfərindən danışıb.
Xarici işlər nazirinin müavini bildirib ki, Ermənistanın Azərbaycana qarşı səsləndirdiyi iddialarının heç biri BMT-nin iki missiyası tərəfindən təsdiqini tapmayıb. Azərbaycan Qarabağın yerli erməni əhalisinin çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizin siyasi, iqtisadi, sosial və mədəni sahəsinə yenidən inteqrasiyası üçün konkret addımlar atır.
“Sovet İttifaqının süqutundan sonra Ermənistanın hərbi işğalı nəticəsində Azərbaycan xalqının misli görünməmiş iztirablara, məhrumiyyətlərə və dağıntılara məruz qalmasına baxmayaraq, Azərbaycan ilk olaraq qonşusu ilə normallaşma proqramını irəli sürüb və hər iki tərəfin qarşılıqlı maraqlarına uyğun sülh təklifi ilə çıxış edib.
Qəti şəkildə əminik ki, Azərbaycan və Ermənistan üçün mehriban qonşuluq münasibətləri qurmaq və iki suveren dövlət kimi dinc yanaşı yaşamaq üçün tarixi imkan var və ümid edirik ki, Ermənistan bu fürsəti əldən verməyəcəkdir”, - deyə E.Məmmədov vurğulayıb. Qeyd edib ki, Azərbaycan sivilizasiyalar arasında qarşılıqlı hörmət və dialoqun təşviqinə töhfə vermək üçün fəal səylərini davam etdirəcək.