Təqvimimizin ən əlamətdar günlərindən olan 8 Noyabr - Zəfər Günü bölgələrdə silsilə tədbirlərlə qeyd edilib.

Ağdaş Rayon İcra Hakimiyyəti və Mərkəzi Aran RMİ-nin birgə təşkilatçılığı ilə Zəfər Günü münasibətilə təntənəli tədbir keçirilib. Ağdaş şəhərindəki Heydər Parkında gerçəkləşən bayram tədbirində ilk olaraq kəndirbazların, folklor kollektivinin çıxışları izlənilib, kitabxana, muzey, rəsm qalereyası və digər mədəniyyət müəssisələri tərəfindən təşkil edilmiş sərgilərə, idman oyunlarına baxış keçirilib. Daha sonra Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli Uşaq musiqi məktəbi ansamblının müşayiəti ilə mədəniyyət müəssisələrinin əməkdaşları, gənc musiqiçilər tərəfindən musiqi və rəqs nömrələri təqdim olunub. Konsert atəşfəşanlıqla başa çatıb.

Göyçay şəhərinin mərkəzində Zəfər Günü münasibətilə rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivinin və yerli müğənnilərin iştirakı ilə bayram konserti təşkil olunub. Rayon mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda ifaları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

***

Siyəzən rayon Mədəniyyət Mərkəzində bayram konserti keçirilib. Konsertdə məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Daha sonra mərkəzin bədii özfəaliyyət kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.

Quba şəhər Uşaq incəsənət məktəbində keçirilən tədbirdə bildirilib ki, bu il üçüncü ildönümünü qeyd etdiyimiz şanlı Zəfərimiz Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb. Xalqımız Zəfər Gününü tariximizin ən qürurlu, fəxarətli günü kimi qeyd edir. Tədbir şagirdlərin vətənpərvərlik mövzusunda hazırladıqları konsert proqramı ilə davam edib. Sonda məktəbin foyesində rəssam şagirdlərin "Zəfər Günümüz" adlı sərgisinə baxış olub.

***

Zəfər Günü münasibətilə Şamaxı rayon Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, Dağlıq Şirvan RMİ-nin rəisi Səxavət Məmmədov və digər qonaqlar iştirak ediblər. Çıxış edənlər Qələbənin Azərbaycan tarixində böyük əhəmiyyəti və əvəzolunmaz yeri barədə danışıblar. Bədii hissədə Şamaxı şəhərinin mərkəzindəki Heydər Əliyev parkında rayon sakinlərinə və qonaqlara respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub. Konsert proqramı atəşfəşanlıqla yekunlaşıb.

***

Şəki şəhər Heydər Əliyev Mərkəzində “Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda toplantı keçirilib. Tədbirdə Bakı Media Mərkəzinin istehsal etdiyi 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbəyə həsr olunmuş “Zəfər meydanı” sənədli filmi nümayiş etdirilib. Zəfər Gününə həsr olunan silsilə tədbirlər şəhərin mərkəzindəki parkda bayram konserti ilə davam edib.

Şəki şəhər B.Vahabzadə adına mədəniyyət və istirahət parkında konsert proqramı keçirilib. Konsertdə Şəki-Zaqatala RMİ-nin tabeliyindəki Şəki uşaq incəsənət və musiqi məktəblərinin kollektivləri çıxış edib.

***

Ağcabədi şəhər Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Zəfər Günü münasibətilə konsert təşkil edilib. Əvvəlcə 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş olunub. Sonda mərkəzin müəllim və şagird heyətinin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.

***

Zəngilan rayon Mədəniyyət evi və Zəngilan kənd klubunun təşkilatçılığı ilə sərgi keçirilib. Sərgidə Zəngilan rayon ümumtəhsil məktəbləri şagirdlərinin əl işləri nümayiş etdirilib.

***

İmişli Rayon İcra Hakimiyyəti və Mil-Muğan RMİ-nin İmişli rayonu üzrə mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə "Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir" adlı tədbir keçirilib. Əvvəlcə İmişlinin icra başçısı Elçin Rzayev çıxış edərək Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Bədii hissədə İmişli rayon Heydər Əliyev adına istirahət parkında rayon Mədəniyyət Mərkəzi, uşaq musiqi və incəsənət məktəblərinin birgə təşkil etdiyi konsert proqramı təqdim olunub.

***

Lənkəran şəhər Heydər Əliyev adına Xatirə parkında Zəfər Günü ilə əlaqədar rayon Mədəniyyət Mərkəzinin musiqi kollektivləri, yerli və respublikanın tanınmış müğənnilərinin iştirakı ilə bayram konserti təşkil olunub. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatları, Lənkəran-Astara RMİ-nin rəisi Bəxtiyar Qılıncov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, qazilər, rayon sakinləri iştirak ediblər. İncəsənət ustalarının təqdim etdiyi vətənpərvərlik mövzusunda musiqilər maraqla qarşılanıb.

Cəlilabad rayon Uşaq incəsənət məktəbində "Zəfərin mübarək, Azərbaycan!" adlı tədbir keçirilib. Çıxışlarda Ordumuzun müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə etdiyi şanlı Qələbədən söhbət açılıb.Tədbir məktəbin müəllim və şagirdlərinin ifasında konsert proqramı ilə davam edib.

***

Gəncə-Daşkəsən RMİ-nin tabeliyində fəaliyyət göstərən müəssisələrdə də Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər təşkil edilib.