Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Karyera və kommunikasiya şöbəsi və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə keçirilən “Skill Up” layihəsinə yekun vurulub.
ATMU-dan bildirilib ki, ölkənin 10 müəssisəsinə təşkil edilən təlim-ekskursiyaların əsas məqsədi tələbələrin müvafiq iş şəraitində peşəkar vərdişlərə yiyələnmələrinə təkan vermək olub. Layihə çərçivəsində ilk ekskursiya Azərbaycan Milli Xalça Muzeyinə təşkil edilib. Turizm bələdçiliyi və muzeyşünaslıq ixtisasının tələbələri muzeyin əməkdaşı Kamilə Hüseynovanın təqdimatında xalqımızın çoxəsrlik mədəniyyət və incəsənət nümunələri sayılan xalça və xalq tətbiqi sənəti barədə müfəssəl məlumat əldə ediblər.
Universitetin nəqliyyat servisi ixtisası üzrə təhsil alan tələbələri “Azərbaycan Dəmir Yolları” QSC-yə təşkil olunan ekskursiya zamanı qatarların səfərə hazırlanması, hərəkət qrafikləri, dispetçer xidməti, bilet satışı işinin təşkili, müəssisədaxili təlimlər və s. haqqında məlumat alıblar.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) tələbələrlə həmsöhbət olan sektor müdiri Kənan Sadıqov AQTİ-nin fəaliyyət istiqamətləri, qida təhlükəsizliyi standartlarının hazırlanması, beynəlxalq təcrübə proqramları, keyfiyyət göstəricilərinin təyini, laboratoriya xidmətləri və digər məsələlərə aydınlıq gətirib.
“Skill Up” layihəsi çərçivəsində ATMU tələbələrinin Bakıdakı müxtəlif hotellərə təlim-ekskursiyası zamanı onlara həmin müəssisələrin strateji hədəfləri, fəaliyyət mexanizmi, müştəri məmnunluğunun əhəmiyyəti, peşəkar vərdişlərə yiyələnmək istiqamətində başlıca faktorlar və s. barədə məlumat verilib.