50 min hektar ərazidə topogeodeziya və kartoqrafiya işləri tamamlanıb

 

İşğaldan azad olunmuş ərazilərdə 8 şəhər, 23 kənd və qəsəbə üzrə, həmçinin Zəngilan və Füzulidə beynəlxalq hava limanları, park əraziləri də daxil olmaqla 50 000 hektar (500 kvadrat kilometr) ərazidə yüksək dəqiqlikli topogeodeziya və kartoqrafiya işləri yerinə yetirilib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bunu Milli Məclisdə işğaldan azad olunmuş ərazilərin ekosistemi ilə bağlı ictimai dinləmə zamanı deyib.

O bildirib ki, Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar atlası və iqtisadi rayonlar xəritəsi tərtib olunub. İşğaldan azad edilmiş ərazilərdə bərk tullantıların müasir tələblərə uyğun idarə olunması üçün geniş infrastruktur şəbəkəsi yaradılır. Rayonlar üzrə poliqon əraziləri müəyyən edilib, bu ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənib. Yaşayış məntəqələrinin bərpası zamanı tikinti tullantılarının dayanıqlı şəkildə idarə olunması işlərinə start verilib. 1 noyabr 2023-cü il tarixinədək Ağdam və Cəbrayıl rayonlarında 20 min tona yaxın belə tullantı emal edilib.

Nazir əlavə edib ki, mina təhlükəsi ilə əlaqədar ekosistemin bərpası istiqamətində tədbirləri istədiyimiz sürətlə apara bilmirik. İşğal dövründə 54 min hektardan artıq meşə sahəsi məhv edilib. Meşələrin bərpası ilə bağlı proqram hazırlanıb və meşəbərpa işlərinin sürətlə aparılması üçün imkanlar, amma bu proses minatəmizləmə planı ilə uzlaşdırılmalıdır. Artıq Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında təmizlənmiş sahələrdə bu işlərə başlanılıb.