Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 13-də Türkiyə Cümhuriyyətinə səfər edib. Səfər çərçivəsində 13-14 noyabr tarixlərində Ankarada bir sıra görüş və tədbirlər keçirilib.

Noyabrın 13-də nazir Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə görüşüb.

Söhbət zamanı iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafından məmnunluq bildirilib. Qeyd olunub ki, dövlət başçılarımız arasında olan dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafında müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda əlaqələrimizin yüksək səviyyəsi ortaq türk mədəniyyətinin dünyada tanıdılmasına da öz töhfəsini verir.

Görüşdə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində keçirilən tədbirlər, xüsusən bu ilin 13-14 oktyabr tarixlərində Şuşada gerçəkləşən I Türk Dünyası Mədəniyyət Forumunun əhəmiyyəti qeyd edilib. Bildirilib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının görüşündə də bu forumun önəmi qeyd olunub.

Birgə mədəni tədbirlərin keçirilməsi, qarşılıqlı mədəniyyət günlərinin təşkili, eyni zamanda Prezident İlham Əliyevin 6 oktyabr 2023-cü il tarixli sərəncamı ilə Türkiyədəki səfirliyimizin nəzdində yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

 

Mədəni əlaqələrdə yeni səhifə açılacaq

 

Azərbaycan ilə Türkiyənin mədəni əlaqələrini daha da dərinləşdirəcək yeni bir addım atılıb. Noyabrın 13-də Ankarada “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş” imzalanıb.

Sənədi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy imzalayıblar.

Sənəddə iki ölkə arasında mədəniyyətin müxtəlif sahələrində təbliğatın təşviqi, qarşılıqlı mədəniyyət günlərinin, müxtəlif mədəni tədbirlərin keçirilməsi, ədəbiyyat, təsviri və tətbiqi incəsənət, musiqi, film festivalları, müsabiqə və konfranslarda iştirakla bağlı müddəalar yer alıb. Sazişdə qeyri-maddi mədəni irs, eləcə də iki ölkənin muzey və kitabxanaları arasında əməkdaşlığın genişləndirilməsi kimi məsələlər də öz əksini tapıb.

İmzalanma mərasimindən sonra iki ölkənin nazirləri media nümayəndələri qarşısında çıxış ediblər.

Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Adil Kərimli sazişin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edilib ki, sənəd ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə hüquqi bazanın genişləndirilməsini nəzərdə tutur.

Nazirin çıxışında vurğulanıb ki, Prezident İlham Əliyevin 6 oktyabr 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin qardaş ölkədə daha geniş təbliği məqsədilə Türkiyədəki səfirliyimizin tabeliyində Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. Mərkəz iki ölkənin mədəniyyət sahəsində əməkdaşlığına öz töhfəsini verəcək.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da mədəniyyət sahəsində əməkdaşlığa dair sazişin əhəmiyyətini qeyd edib. Bildirilib ki, mədəniyyət cəmiyyətlər, ölkələr arasında körpülər qurur. Mədəni fəaliyyətlərin dəstəklənməsi və təbliği cəmiyyətin sərvətini artırır. Türk dünyasının şanlı keçmişi ilə mədəni irsini qorumaq və bu irsi hər platformada tanıtmaq əsas vəzifələrimizdən biridir. İmzalanan sənəd qardaş ölkələrimizin möhkəm təməllər üzərində inkişaf edən mədəni əlaqələrində yeni səhifə açacaq.

 

Mədəniyyət üzrə Birgə Komissiyanın iclası

 

Səfər çərçivəsində noyabrın 13-də paytaxt Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının üçüncü iclası keçirilib.

İclas Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcunun sədrlikləri ilə gerçəkləşib.

Hər iki ölkənin nazirliklərinin müvafiq struktur bölmələri rəhbərlərinin iştirak etdikləri iclasda mədəni irs, kinematoqrafiya, teatr, muzey, kitabxana, yaradıcı sənaye və musiqi sahəsi üzrə təhsil, habelə mədəniyyət sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Müvafiq sahələrdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sonda birgə komissiyanın üçüncü iclasının protokolu imzalanıb.

 

“Şuşanın işığı bütün Türk dünyasını əhatə edəcək”

 

Noyabrın 13-də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə Ankarada “Şuşa mədəniyyət günləri” çərçivəsində rəsm sərgisi açılıb. Sərgidə şuşalı rəssamların əl işləri yer alıb.

TÜRKSOY-un qərargahında təşkil olunan tədbirdə qurumun baş katibi Sultan Raev, mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, digər qonaqlar iştirak ediblər.

Baş katib Sultan Raev türk mədəniyyətinin dünya sivilizasiyasında layiq olduğu yerə çatdırılması üçün çalışdıqlarını vurğulayaraq sərginin Şuşada il boyu keçirilən tədbirlərin davamı olduğunu bildirib: “Ümid edirəm ki, mənəvi və mədəniyyət paytaxtı olan Şuşanın işığı yaxın gələcəkdə bütün Türk dünyasını əhatə edəcək, qardaş ölkələrin dostluğunu gücləndirəcək”.

Baş katib nümayiş olunan rəsm əsərlərinin Şuşanın nadir təbiət gözəlliklərini, tarixi-memarlıq fakturasını, əsrlər boyu yaşadılmış adət-ənənələrini tanıtdığını bildirərək sərginin təşkilində əməyi keçənlərə minnətdarlıq edib.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov üç il əvvəl Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində Şuşanın erməni işğalından azad edildiyini deyib. O, dövlətimiz tərəfindən Şuşanın əvvəlki şöhrətinin özünə qaytarılması istiqamətində ardıcıl layihələrin həyata keçirildiyini diqqətə çatdırıb: “Əsas məqsədimiz Şuşanı Qafqazın ən gözəl guşələrindən birinə çevirməkdir. Türkiyə şirkətləri bu işlərdə fəal iştirak edir”.

Çıxışlardan sonra sərginin açılışını bildirən rəmzi lent kəsilib.

TÜRKSOY Baş Katibliyinin iclas zalında davam edən tədbirdə təşkilat və Şuşa şəhəri haqqında tanıtım filmləri nümayiş etdirilib.

Sonda xanəndələr İlkin Əhmədov və Günay İmamverdiyeva instrumental ifaçıların müşayiəti ilə muğam parçaları və Qarabağı tərənnüm edən mahnılar oxuyublar.

 

“Şuşa – zirvədən uca” kitabının təqdimatı

 

Noyabrın 14-də Türkiyənin Prezident Kitabxanasında Azərbaycan Mədəniyyət Nazirliyi və “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İrs” nəşriyyat evi tərəfindən çap olunan “Şuşa – zirvədən uca” kitabının təqdimatı və fotosərgi keçirilib. “İrs” silsiləsindən “Şuşa İli” münasibətilə hazırlanan kitab 2022-ci ildə işıq üzü görüb.

Əvvəlcə Şuşa şəhərində həyata keçirilən bərpa və yenidənqurma işlərini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, “İrs” jurnalının baş redaktoru Musa Mərcanlı, “PAŞA Həyat Sığorta” ASC İdarə heyətinin sədri Niyaz İsmayılov, Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov, TÜRKSOY-un baş katibi Sultan Raev və Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu çıxış ediblər.

Çıxışlarda 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Azərbaycanın qədim söz-sənət beşiklərindən olan Şuşa şəhərinin tarixindən, yetişdirdiyi görkəmli şəxsiyyətlərdən söz açılıb.

Bildirilib ki, “Şuşa – zirvədən uca” kitabında şəhərin qədim tarixi, mədəni həyatı, abidələri, işğal dövründə dağıntılara məruz qalması və azad edilməsi faktlar və fotolarla əksini tapıb.

Tədbir iştirakçıları Türkiyənin Prezident Kitabxanasındakı Azərbaycan guşəsi ilə də tanış olublar. Guşənin zənginləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizin tarix və mədəniyyətinə dair kitablar hədiyyə edilib.

Sonda Şuşa şəhərinin tarixi, abidələri, işğalı, azad edilməsi və burada dövlətimiz tərəfindən aparılan bərpa-quruculuq işlərini əks etdirən fotolardan ibarət sərgiyə baxış olub.

***

Noyabrın 14-də “Şuşa mədəniyyət günləri” çərçivəsində Türkiyənin Prezident Simfonik Orkestrinin zalında Azərbaycan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblı, xanəndələr İlkin Əhmədov və Günay İmamverdiyeva (tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov və nağarada Soltan Əliyevin müşayiəti ilə), müğənni Anar Şuşalı, pianoçu Nərgiz Əliyeva çıxış ediblər.

Mehparə Sultanova
Ankara