Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə Ankarada keçirilən “Şuşa mədəniyyət günləri” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov noyabrın 13-də Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla görüşüb.
İdarədən verilən məlumata görə, görüş zamanı Şuşada aparılan yenidənqurma işləri, tarixi abidələrin bərpası, şəhərin turizm potensialının genişləndirilməsi və bu istiqamətdə görülən işlər haqqında söhbət açılıb.
Mehmet Nuri Ersoy Türkiyə Cümhuriyyətinin 100 illiyində Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasının mühüm önəm daşıdığını, Şuşa şəhərinin hər kəsin ürəyində böyük yeri olduğunu söyləyib.
Nazir turizm, hotelçilik sahəsində Şuşa şəhərinə daim dəstək verməyə hazır olduğunu, qarşılıqlı layihələrin həyata keçirilməsinin vacibliyini xüsusi vurğulayıb.