“Onun yadigar qoyduğu irs ildən-ilə daha qiymətli görünür”

 

Noyabrın 14-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə ustad sənətkar Hüseyn Bozalqanlının (1863-1941) anadan olmasının 160 illik yubileyi qeyd edildi.

Tədbiri Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Məhərrəm Qasımlı açaraq Hüseyn Bozalqanlının aşıq sənətində özünəməxsus dəst-xəttindən, yaradıcılıq yolundan söz açdı: “Aşıq Hüseyn Bozalqanlı bizdən uzaqlaşdıqca onun yadigar qoyduğu irs daha qiymətli görünür. Bu da onun sənətdə yaratdığı gerçəkliklə bağlıdır”. 

Qeyd olundu ki, Hüseyn Məşədi Cəfərqulu oğlu Bozalqanlı 1863-cü ildə indiki Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açıb. Axund Molla Səmədin məktəbində üç il təhsil alır. Ərəb və fars dillərini öyrənir. Erkən çağlardan poeziyaya maraq göstərir. Aşıq sənətinə qəlbən bağlanır. Dirili Qurbani, Abbas Tufarqanlı və Molla Pənah Vaqifin yaradıcılığını mükəmməl öyrənir. Özü də aşıq poeziyasının əksər janrlarında bənzərsiz nümunələr yaradır. O, həmçinin “Qara Tanrıverdi”, “Nəriman”, “Xanlar”, “Hacı Tağı” dastanlarını yaradıb. Sənətkar “Koroğlu” dastanının ən kamil bilicilərindən hesab olunub. Dastanın “Koroğlunun Toqat səfəri”, “Bağdad səfəri”, “Həmzənin Qıratı qaçırtması”, “Koroğlunun vuruşması” və s. qolları onun dilindən yazıya alınıb.

Hüseyn Bozalqanlı ustad Aşıq Ələsgərlə yaxın dost olub. Onların görüşləri yazıya alınmasa da, dildə-ağızda gəzərək yaddaşlarda yaşayıb. Xalq şairi Səməd Vurğunun zəmanəti ilə 1937-ci ildə Hüseyn Bozalqanlı Azərbaycan Yazıçılar İttifaqına üzv olur. İttifaqın nəzdində aşıqlar bölməsinin rəhbəri seçilir. Ustad sənətkar I və II Aşıqlar qurultayında, Moskva şəhərində keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüklərində iştirak edib.

Sənətkarın 14 şəyirdi olub. Bozalqanlı Aşıq Vəli, Əlimərdanlı Aşıq Nəcəf, Mirzə Bayramov, Ələkbər Əsgərov və digər tanınmış aşıqlar onun məktəbinin davamçıları kimi şöhrət tapıblar.

Azərbaycan aşıq sənətinin inkişafında xidmətləri yüksək qiymətləndirilən sənətkar “Şərəf Nişanı” ordeninə və “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

Aşıq Hüseyn Bozalqanlı 12 noyabr 1941-ci ildə vəfat edib. 

Yubiley gecəsində daha sonra bədii hissə təqdim olundu. Əməkdar mədəniyyət işçiləri, Aşıq Samirə, Əli Quliyev, aşıqlardan Nəbi Nağıyev, Nazim Bahadıroğlu, Elməddin Bayramlı, Şəhriyar Qaraxanlı, İmran Göyçəli, Vüqar Şəmkirli, Elbrus Hüseynov, Şahin Süleymanov və başqalarının ifasında “Mirzəcanı”, “Cəlili”, “Orta Sarıtel”, “Dərvişi”, “Qəhrəmanı”, “Yüngül Şərili”, “Hüseyni”, “Təcnis”, “Ağır Şərili”, “Aran gözəlləməsi”, “Gəraylı”, “Kərəm gözəlləməsi” saz havaları səsləndirildi. Gecə Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun ifasında “Şirvan müxəmməsi” havası ilə başa çatdı.

Çıxışlar alqışlarla qarşılandı.

Savalan