Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş sənət axşamı

 

Noyabrın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli rejissor, Xalq artisti Tofiq Kazımovun (1923-1980) 100 illiyinə həsr olunmuş gecə keçirildi.

Yubiley münasibətilə teatrın hazırladığı “Sənsiz” tamaşasının premyerası oldu.

Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.

Qonaqlar əvvəlcə teatrın foyesində rejissorun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular.

Milli Dram Teatrının bədii rəhbəri Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə çıxış edərək bildirdi ki, böyük rejissor Tofiq Kazımovun 100 illik yubileyi Prezident İlham Əliyevin 3 mart 2023-cü il tarixli sərəncamına əsasən qeyd olunur.

Vurğulandı ki, yubiley gecəsində məhz “Sənsiz” tamaşasının nümayiş olunması rejissorun ailəsinin istəyi ilə reallaşıb. 1967-ci ildə Tofiq Kazımovun yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz” əsərinə verdiyi quruluş o dövrdə böyük maraqla qarşılanmışdı: “Tofiq Kazımovun teatr sənətimizdə parlaq yaradıcılıq nümunələri kifayət qədərdir. Bu əsər isə həm müəllif Şıxəli Qurbanov, həm də rejissorun yaradıcılığında sanki kölgədə qalıb”.

Qeyd olundu ki, Tofiq Kazımovun milli teatr sənətinə böyük xidmətlərindən biri də istedadlı gənclərə meydan verməsi, yol açmasıdır. Elə bu nüans nəzərə alınaraq nümayiş olunacaq tamaşanın rejissoru, rəssamı və bəstəkarı da gənclərdir. Onların hər üçü bu gün bu məsuliyyəti hiss edir.

Çıxışdan sonra Tofiq Kazımovun yaradıcılıq yolundan bəhs edən 10 dəqiqəlik qısametrajlı film (müəllif Mehriban Ələkbərzadə) nümayiş olundu.

Daha sonra səhnə aktyorların ixtiyarına verildi. Yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz” pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim edildi. Səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Xanım Həsənova və Könül Kərimovadır. Rolları Xalq artisti Mehriban Zəki (Sevinc), Əməkdar artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova (Maral), Elçin Əfəndi (Fərhad), Elsevər Rəhimov (gənc Tərlan), Lalə Süleymanova (gənc Sevinc) canlandırdılar.

Qeyd edək ki, “Sənsiz” dramı 1937-ci illərin məşum repressiyasına məruz qalaraq həyatdan və ailəsindən qoparılmış insanlardan – Tərlan və Sevincdən bəhs edir. 18 illik məşəqqətli sürgün həyatı yaşayan tək Tərlan deyil. Onun yolunu 18 il gözləyən Sevinc də bu zülmü onu gözləyə-gözləyə yaşayır. O, toy gecəsi həbs edilərək gedər-gəlməzə göndərilən həyat yoldaşı Tərlanın ya özünü, ya qəbrini tapmaq üçün yola çıxmağa qərar verir...

Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılandı.

Lalə Azəri