Noyabrın 17-də tanınmış pianoçu, Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın anadan olmasının 90 illiyi tamam oldu.
Gülarə Əziz qızı Əliyeva 17 noyabr 1933-cü ildə Bakıda dünyaya göz açıb. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki BMA) bitirib. 1966-cı ildə “Bəstəkar Fikrət Əmirovun yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası (fəlsəfə doktoru) müdafiə edib. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində, eləcə də Əhsən Dadaşov adına Xalq Çalğı Alətləri Ansamblında çalışıb.
Gülarə Əliyeva 1968-ci ildə klassik və xalq çalğı alətlərinin sintezindən ibarət "Dan ulduzu” ansamblını yaradıb və ömrünün sonuna kimi, 23 il bu ansambla rəhbərlik edib. Azərbaycan musiqi tarixində silinməz izi olan “Dan ulduzu” kamera instrumental ansamblı yarandığı vaxtdan populyarlıq qazanıb, tamaşaçıların qəlbinə yol tapıb. Ansambl müxtəlif musiqi kollektivlərinin, qrup və orkestrlərin mövcud olduğu Azərbaycan musiqi mədəniyyətində öz sözünü deməyə nail olub.
Bəstəkar kimi də fəaliyyət göstərən Gülarə Əliyeva eyniadlı muğamlar əsasında “Şüştər” rapsodiyası, “Humayun” süitası, “Bayatı-kürd”, “Şur” fantaziyalarını yazır. Bu əsərlər onun həm də bir bəstəkar kimi yüksək peşəkarlığını üzə çıxarmaqla yanaşı, milli musiqilərimizi Avropa musiqi alətləri ilə sintez etmək zövqünü də ortaya qoyur. O, Tofiq Quliyev, Emin Sabitoğlu, Oqtay Kazımi, Elza İbrahimova, Ramiz Mirişli, Oqtay Rəcəbov və digər tanınmış bəstəkarla işləyib. “Dan ulduzu” ansamblı ilə Əlcəzair, Suriya, Livan, Anqola, İtaliya, Bolqarıstan, Efiopiya, İsveçrə, Hindistan, Finlandiya və digər ölkələrdə çıxış edib, musiqi mədəniyyətimizin təbliğatçısı olub.
Gülarə Əliyeva 1966-1989-cu illərdə M.Əliyev adına İncəsənət İnstitutunun Musiqi nəzəriyyəsi kafedrasının müdiri, o cümlədən institutun Elmi şurasının üzvü kimi də fəaliyyət göstərib.
27 iyul 1991-ci il tarixində Gülarə Əliyevanın faciəli şəkildə dünyasını dəyişməsi Azərbaycan musiqi mədəniyyəti üçün ağır itki oldu. Onun yoxluğu həm ansamblın fəaliyyətində, həm də musiqimizdə özünü hiss etdirməyə başladı.
Vəfatından sonra “Dan ulduzu” görkəmli musiqi xadiminin adını daşıyır.