Ulu öndərin 100 illiyinə həsr olunmuş qızıl sikkənin təqdimat keçirilib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkə istehsal edilib.
Noyabrın 17-də Heydər Əliyev Mərkəzində sikkənin təqdimatı mərasimi keçirilib.
Tədbirdən əvvəl “AzerGold” QSC-nin rəhbərliyi Fəxri xiyabanda Ümummilli liderin məzarını ziyarət edib, abidəsi önünə əklil qoyub.
Təqdimat mərasimində dövlət, hökumət nümayəndələri, millət vəkilləri, xarici ölkə səfirləri, mədəniyyət xadimləri, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələrinin rəhbər şəxsləri iştirak ediblər.
Mərasimdə giriş nitqi söyləyən “AzerGold” QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov müasir Azərbaycan Respublikasının qurucusu Ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən, onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hərtərəfli inkişafı istiqamətində həyata keçirilən siyasətdən danışıb.
Z.İbrahimov bütün həyatını, varlığını Azərbaycana, onun müstəqilliyinə, davamlı inkişafına həsr etmiş və xalqımızın qəlbində əbədilik qazanmış Heydər Əliyevə həsr olunmuş yubiley sikkəsinin öz unikallığı ilə fərqləndiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, nəfis tərtibatda dizayn edilmiş, incə naxışlarla zərb olunmuş 999,9 əyarlı qızıl sikkənin QSC-nin daha əvvəl istehsal etdiyi qiymətli məhsullardan fərqlənir. Yubiley sikkəsi müasir numizmatika sahəsində inqilabi yenilik hesab edilən “Smartminting” texnologiyası əsasında ərsəyə gətirilib. Bu texnologiya vasitəsilə sikkə üzərində qeyri-adi, mürəkkəb dizayn elementləri dəqiqliklə əks etdirilib, qiymətli məhsula üçölçülü qabarıq relyef verilib.
Millət vəkili, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov qeyd edib ki, sikkə Azərbaycan tarixinə öz imzasını qızıl hərflərlə yazmış Ümummilli liderin zəngin dövlətçilik irsinin təbliğinə mühüm töhfədir.
Qeyd edək ki, 1 unsiya çəkidə istehsal edilən yubiley sikkəsi limitli sayda – 200 ədəd istehsal edilib. Qızıl sikkə üzərində Ümummilli liderin portreti, onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ifadəsi real səs dalğası və Morze əlifbasında təsvir olunub.