Bölgələrdə 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” ilə bağlı bir sıra tədbirlər keçirilib. Aksiya BMT-nin Uşaq hüquqları Konvensiyasının (20 noyabr 1989-cu il) qəbul olunmasının ildönümü və 20 noyabr – Dünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması məqsədi daşıyır.

Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində “Dünyamızın bəzəyi uşaqlar” adlı dəyirmi masa təşkil edilib. Tədbirdə dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsi ətrafında fikir mübadiləsi aparılıb.

Ağstafa rayon Mədəniyyət Mərkəzində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib. Azyaşlı uşaqların və valideynlərin iştirak etdiyi tədbirdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı geniş məlumat verilib, bu sahədə onların maarifləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs olunub. Daha sonra Milli Qəhrəman Mübariz İbrahimova həsr edilmiş animasiya filmi nümayiş etdirilib. “Virtual Qarabağ” İKT Gənclər İctimai Birliyi tərəfindən istehsal olunan film uşaqların və yeniyetmələrin vətənpərvər ruhda tərbiyəsinə xidmət edir.

***

Cəbrayıl rayon Xələfli, Çərəkən, Qalacıq, Karxulu, Qovşudlu, Qaracallı kənd klubları, rayon MKS-nin İsaxlı və Tatar kənd kitabxana filiallarının birgə təşkilatçılığı ilə “Biz də varıq!” adlı tədbir keçirilib. Bildirilib ki, cəmiyyətin həssas təbəqəsi olan uşaqların müdafiəsi ölkəmizdə daim diqqət mərkəzindədir. Onların inkişafı və hüquqlarının qorunmasında, vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunmasında, layiqli vətəndaş kimi formalaşmasında dövlətlə yanaşı, cəmiyyətin hər bir üzvü məsuliyyət daşıyır.

***

Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Qəhrəman yurdun xoşbəxt uşaqları” adlı bayram şənliyi keçirilib. Əvvəlcə Ulu öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bayram şənliyinin iştirakçıları “Xoşbəxt uşaqlar” mahnısının sədaları altında zala daxil olublar. Dövlət Himninin oxunmasından sonra uşaqlara aid videoçarx nümayiş etdirilib. Çıxışlarda ölkəmizdə uşaqların müdafiəsinin, onların hüquq və azadlıqlarının təmin edilməsinin, rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil etdiyi vurğulanıb. Bayram şənliyi rayonun məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan istedadlı uşaqların çıxışları ilə davam edib.

***

Astara rayon Heydər Əliyev Mərkəzində “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda tədbir keçirilib. Çıxışlarda uşaqların internet-informasiya təhlükəsizliyinin təmin olunması, internet resurslarının müsbət və mənfi cəhətləri, eləcə də bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər haqqında ətraflı məlumat verilib.

Cəlilabad Dövlət Rəsm Qalereyası, rayon Mədəniyyət Mərkəzi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Hüquqlarımızı bilək” adlı tədbir keçirilib. Qeyd olunub ki, uşaq hüquqları dedikdə, uşaqların təhsil almaq, oynamaq və istirahət etmək, məlumat almaq və dini hüquqları nəzərdə tutulur. Müdafiə hüquqları isə uşaqları müxtəlif zorakılıq, müharibələr və uşaq əməyinin istismarından, narkotik maddələrin istifadəsindən qoruyur. Sonda “Yaşasın hüquqlarımız!” adlı film nümayiş olunub.

N.Məmmədli