Noyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində ölkəmizdə dizayn ixtisası üzrə ilk kadr buraxılışının 25 illiyinə həsr olunan sərgi keçirildi. Sərgi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yeni yaradılan Dizayn fakültəsinin təqdimatı oldu.
Tədbirdə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi, diqqət və qayğısı ilə işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa, tikinti-quruculuq işləri həyata keçirilir. Bu da ölkədə xüsusilə şəhərsalma, memar, inşaat mühəndisi və dizayn ixtisasları üzrə mütəxəssislərə tələbatı xeyli artırır. Tələbatın qarşılanması üçün Memarlıq və İnşaat Universitetində Dizayn fakültəsi yaradılır. Məqsəd bu ixtisas üzrə hərtərəfli, daha keyfiyyətli, eyni zamanda daha çox sayda kadr hazırlamaqdır: “Azərbaycanda bu ixtisas ilk dəfə bizim universitetdə 1994-cü ildə mühit dizaynı olaraq yaradılıb. 1998-ci ildə isə Memarlıq fakültəsinin nəzdində Dizayn kafedrası təsis edildi və bu ixtisas üzrə tələbə qəbulu həyata keçirildi. 1998-ci ildə mühit dizaynı ixtisası üzrə ilk bakalavr, 2000-ci ildə isə magistr buraxılışları reallaşdırıldı”.
Rektor dizayn ixtisasının yaradılmasından sonra bu istiqamətdə tədqiqatlara başlandığını, beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulduğunu dedi. Bildirdi ki, sahə üzrə xarici təcrübəni daha dərindən öyrənmək üçün 2018-ci ildə Azərbaycan və İtaliya prezidentlərinin iştirakı ilə imzalanan “Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti arasında anlaşma memorandumu”na əsasən, universitetimizdə İtaliya-Azərbaycan Dizayn Mərkəzi yaradılıb. Azərbaycanda dizayn üzrə ali təhsilin Avropa standartlarına uyğun formalaşdırılmasında bu mərkəzin böyük əhəmiyyəti oldu. Mərkəzdə başladılan və uğurla davam etdirilən əlaqələr nəticəsində AzMİU ilə Milan Politexnik Universiteti arasında dizayn ixtisası üzrə ikili diplom proqramı həyata keçirilir: “Bu günə kimi 1400-ə yaxın məzunumuz olub. Əlbəttə, ölkəmizdə aparılan tikinti-quruculuq və abad işləri fonunda bu, yetərli deyil. Yeni fakültənin yaradılması, dizayn üzrə kadr hazırlığının genişləndirilməsi və keyfiyyətin artırılması, ümid edirəm ki, bu çağırışa adekvat cavab olacaq”.
Universitetin Qrafik və media dizaynı kafedrasının müdiri Təranə Bəkirova təhsil ocağının dizaynın tədrisi sahəsində zəngin təcrübə qazandığını qeyd etdi: “Əldə etdiyimiz təcrübə ilə biz dizayn ixtisasını şaxələndirdik. Bu gün universitetimizdə dizayn üzrə artıq iki kafedra fəaliyyət göstərir – Qrafik və media dizaynı və Mühit dizaynı kafedraları. Bu tədris ilindən bakalavr səviyyəsində dizaynın sahələri üzrə, magistratura səviyyəsində isə üç ixtisas – memarlıq mühitinin dizaynı, dizayn və texniki estetika, vizual dizaynı və media üzrə kadr hazırlığı həyata keçirilir”.
Qeyd olundu ki, hazırda AzMİU-da dizayn ixtisası üzrə tədris Azərbaycan, ingilis və rus dillərində aparılır. Tədrisə yerli mütəxəssislərlə yanaşı, universitetin əməkdaşlıq müqavilələrinə əsasən xarici mütəxəssislər, xüsusilə İtaliya universitetlərinin müəllimləri də cəlb olunur. Tələbə və müəllim mübadiləsi, eyni zamanda ikili əməkdaşlıqlar çərçivəsində tələbələr mütəmadi olaraq dizayn ixtisası üzrə ən qabaqcıl təcrübəyə sahib Avropa universitetlərinə göndərilir. Bu da onların beynəlxalq təcrübəni, dizayn üzrə müasir trendləri də öyrənmələrinə imkan yaradır.
AzMİU-nun nəzdində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin rəhbəri Fərid Kərimov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə dizayn sahəsinin və tədrisinin əhəmiyyətindən söz açdılar.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışı zamanı diqqətə çatdırdı ki, dizayn elmi, texniki və mədəni sahələri özündə birləşdirir. Belə bir mürəkkəb ixtisasa sahib olan dizayner istehlakçı psixologiyasını, informasiya qavrayış qanunlarını yaxşı bilməli, analitik təfəkkür və təşkilatçılıq bacarığına malik olmalıdır. Memarlıq və dizayn sahəsində təhsilin müasirləşdirilməsi, islahatların aparılması daim dövlətimizin diqqət mərkəzindədir. Ölkəmizdə bu sahəyə böyük tələbatın olduğunu nəzərə alsaq, dizayn sahəsində aparılan islahatlar təqdirəlayiqdir.
Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri Elbəy Qasımzadə, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru professor Ərtegin Salamzadə də çıxışlarında dizayn ixtisasının tədrisinin əhəmiyyətini vurğuladılar. Qeyd olundu ki, universitetdə yeni fakültənin yaradılması ölkəmizdə bu sahədə işləri daha mütəşəkkil həyata keçirməyə şərait yaradacaq.
Çıxışlardan sonra qonaqlar sərgi ilə tanış oldular. Sərgidə AzMİU-nun dizayn ixtisası tələbələrinin 25 il müddətində toplanan əl işləri və layihələri nümayiş etdirilir.
Lalə Azəri