Fikrət Əmirovun doğum günü ərəfəsində baletin növbəti nümayişi olub

 

Noyabrın 22-si Azərbaycan musiqisinin ən parlaq simalarından biri, böyük bəstəkar, SSRİ-nin Xalq artisti və Dövlət mükafatı laureatı Fikrət Əmirovun (1922–1984) anadan olmasının 101-ci ildönümü idi. Bəstəkar klassik musiqinin bir çox janrlarında dəyərli əsərlər yazıb-yaradıb. Zəngin yaradıcılığı, o cümlədən simfonik muğamları, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, “Sevil” operası və s. əsərləri ilə musiqi sənətimizə əvəzsiz töhfələr verib.

Fikrət Əmirovun “Min bir gecə” baleti isə dünya musiqi xəzinəsinin incilərindəndir. 1979-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk nümayişi olan əsər teatrın repertuarında məxsusi yer tutur. Balet ötən müddətdə, həmçinin bir sıra ölkələrin səhnələrini bəzəyib.

İkihissəli balet “Min bir gecə” nağılları əsasında (libretto: Maqsud və Rüstəm İbrahimbəyovlar) yazılıb. Baletdə gözəl və ağıllı Şəhrizadın qəddar şah Şəhriyarın qəlbini yumşaltmaq üçün danışdığı nağıllardan üçünün (“Sindibad və sehrli Zümrüd quşu”, “Ələddin və gözəl Budur”, “Əlibaba və qırx quldur”) motivlərindən istifadə olunub. Baletin ecazkar musiqisi və səhnə həlli (xoreoqrafiya: Nailə Nəzirova) bir-biri ilə möhtəşəm harmoniya təşkil edir.

Fikrət Əmirovun doğum günü ərəfəsində, noyabrın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Min bir gecə” baletini Heydər Əliyev Sarayının səhnəsində sənətsevərlərə təqdim edib.

Tamaşada əsas rolları Əməkdar artistlər Anar Mikayılov (Şəhriyar), Elmira Süleymanova (Nuridə), solistlər Fatimə Xələfova (Şəhrizad), Aleksandr Suldin (Nuridənin sevimli qulu) böyük məharətlə ifa ediblər.

Xalq artisti Cavanşir Cəfərovun dirijorluq etdiyi tamaşada həmçinin Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi altında xor kollektivi və teatrın solisti Fatimə Cəfərzadə də çıxış ediblər.