Salyan rayon Mədəniyyət Mərkəzində görkəmli aktyor, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Məmmədovun (1938-2003) anadan olmasının 85 illik yubileyinə həsr olunan tədbir təşkil edilib.
Salyan rayon Mədəniyyət Mərkəzi, Sarvan kənd Folklor evi, Dayıkənd kənd Mədəniyyət evi və Şorsulu kənd klubunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aktyorun yaxınları, rayon rəsmiləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Həsən Məmmədovun Azərbaycan kino sənətindəki rolu haqqında danışılıb, oynadığı koloritli obrazlardan söhbət açılıb. Qeyd olunub ki, Həsən Məmmədov yaradıcılığa teatrdan başlayıb. Aktyorun rolları siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqların əsərlərinin tamaşalarındakı səhnə obrazları var. Amma sonralar sənətkar kinoya gəlir və bu sahədə daha böyük uğurlara imza atır. O, “Böyük dayaq”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “İstintaq”, “Dədə Qorqud”, “Axırıncı aşırım”, “Sevil”, “Yeddi oğul istərəm”, “Bir cənub şəhərində” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.
Daha sonra aktyorun rol aldığı filmlərdən epizodlar nümayiş etdirilib. Mədəniyyət Mərkəzinin solistləri aktyorun çəkildiyi filmlərdən mahnıları səsləndiriblər.
N.Məmmədli