Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru vəzifəsinə yeni təyinat olub. Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Şirin Yaşar qızı Məlikova muzeyin direktoru təyin edilib.
Şirin Məlikova 1978-ci il noyabrın 4-də Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Sənətşünaslıq fakültəsindən məzun olub. 1999–2001-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə magistraturada oxuyub. 2007-ci ildə “Azərbaycan XIV–XVIII əsrlər bədii parça və tikmələri” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Ş.Məlikova 2008–2019-cu illərdə ADMİU-da və ADRA-da pedaqoji fəaliyyət göstərib. 2016-cı ildən son təyinatadək Azərbaycan Milli Xalça Muzeyinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyinin sabiq direktoru Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev yaşla əlaqədar təqaüdə çıxıb.
***
Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Əməkdar artist, opera müğənnisi, dirijor Ramil Adıgözəl oğlu Qasımov Gəncə Dövlət Filarmoniyasının yeni direktoru təyin olunub.
Ramil Qasımov 10 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bakalavr, Gürcüstan Musiqi Akademiyasında vokal ixtisası üzrə magistr təhsili alıb. O, həmçinin Prezident yanında Dövlət İdarəçilik Akademiyasından siyasi idarəetmə ixtisası üzrə məzun olub.
Peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında aparıcı solist kimi başlayıb. 2004-cü ildən Azərbaycan Teleradiosunun C.Cahangirov adına Xor kollektivində solist olaraq fəaliyyət göstərib. 2015-ci ildən Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının direktoru olub. 2020–2022-ci illərdə isə Heydər Əliyev Sarayının direktoru vəzifəsində çalışıb.
***
Nazirin əmrinə əsasən, Təranə Əbülfəz qızı Yusifova Beynəlxalq Muğam Mərkəzinin (BMM) tabeliyində fəaliyyət göstərən Cahangir Cahangirov adına Xorun bədii rəhbəri təyin olunub.
Təranə Yusifova 5 dekabr 1968-ci ildə Sumqayıt şəhərində anadan olub. S.Hacıbəyov adına Sumqayıt Orta İxtisas Musiqi Məktəbinin xor dirijorluğu ixtisası üzrə, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) Xor dirijorluğu şöbəsində təhsil alıb. 1991-ci ildə indiki Respublika İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətə başlayıb. Sumqayıt Musiqi Texnikumu, Şuşa Musiqi Kolleci və Şuşa Humanitar Kollecində müəllim işləyib. 2002-ci ildən Azərbaycan Milli Konservatoriyasında balaban ansamblında dirijor kimi fəaliyyət göstərib. 2018-ci ildə “Oqtay Kazımi yaradıcılığının üslub xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2020-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
***
BMM-in tabeliyindəki Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinə isə baş dirijor təyin olunub. Nazir Adil Kərimlinin müvafiq əmri ilə Mustafa Əhməd oğlu Aşurov bu vəzifəyə təyinat alıb.
Mustafa Aşurov 1991-ci il iyul ayının 31-də Qazax rayonunda anadan olub. 2008–2012-ci illərdə Azərbaycan Milli Konservatoriyasında (tar ifaçılığı) təhsil alıb. 2015-ci ildə Milli Konservatoriyanı dirijorluq ixtisası üzrə başa vurub. 2007-ci ildə adı Azərbaycan Respublikası gənc istedadların “Qızıl kitabı”na yazılmaqla Prezident təqaüdünə layiq görülüb. Beynəlxalq festival və müsabiqələrdə iştirak edib. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində tar müəllimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində orkestr dirijoru və baş müəllim vəzifələrində işləyib. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin dirijoru kimi fəaliyyət göstərib.
Xatırladaq ki, Baş nazir Əli Əsədovun 31 oktyabr 2023-cü il tarixində imzaladığı qərarla “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri və C.Cahangirov adına Xoru ştat vahidləri ilə birlikdə Mədəniyyət Nazirliyinin tabeliyindəki Beynəlxalq Muğam Mərkəzinin balansına verilib.