AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi şurasının qərarı ilə “Cəfər Bünyadzadə: igid oğul və yaxud vətən məhəbbəti” kitabı işıq üzü görüb. Kitabı institutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva nəşrə hazırlayıb.
Kitabda Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində özünəməxsus yeri olan yazıçı-publisist, pedaqoq, “Tuti” satirik məcmuəsinin redaktoru Cəfər Bünyadzadənin müəllifi olduğu, əski əlifbada çap edilmiş və Əlyazmalar İnstitutunda mühafizə olunan “Mən məktəb istəyirəm”, “Dağarcıq”, “Kəşküli-nəğəm”, “Kəşkül və yaxud nəğmələr məcmuəsi” başlıqlı kitabçaları yer alıb. A.Quliyeva tərəfindən transfoneliterasiya edilərək nəşrə hazırlanan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Yeni nəşrin elmi redaktoru filologiya elmləri doktoru Nailə Səmədova, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Əhmədova və Azərbaycan Yazıçılar Birliyi “İrs” komissiyasının sədri böyük elmi işçi Sona Xəyaldır.