Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyi münasibətilə Bakı şəhər xalq teatrları festivalı keçirilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 22-23 noyabr tarixlərində gerçəkləşən festivalın əsas məqsədi xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarına, eləcə də özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, xalq teatrlarının və dram dərnəklərinin fəaliyyətini dövrün tələblərinə uyğun qurmaqdır.
Festivalın ilk seçim müsabiqəsi Ə.Əmirov adına Mədəniyyət Sarayında, növbəti mərhələsi isə H.Abbasov adına Mədəniyyət Mərkəzində keçirilib. Mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının və özfəaliyyət dram dərnəklərinin tamaşaları nümayiş olunub.
Tamaşalar Xalq artisti Həmidə Ömərova, Əməkdar incəsənət xadimləri Əli Əmirli və Bəhram Osmanovdan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Qeyd edək ki, festivalın bağlanışı və mükafatlandırma mərasimi noyabrın 29-da H.Abbasov adına Mədəniyyət Mərkəzində keçiriləcək.