İşğaldan azad edilmiş Cəbrayıl rayonun Soltanlı kəndi Macarıstan şirkətlərinin iştirakı ilə yenidən qurulacaq. Noyabrın 24-də Soltanlı kəndinin təməli qoyulub.
Mərasimdə Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Soltanlı kəndinin bir qrup sakini iştirak edib.
Soltanlı kəndinin baş plan layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Macarıstanın tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən “KESZ” şirkətlər qrupu və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.
Soltanlı kəndi Araz çayının sahilində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. Layihəyə görə, ümumi sahəsi 398,82 hektar olan kənddə 1525 ailənin (6100 nəfər) yaşaması nəzərdə tutulur.
Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Soltanlı kəndinin yenidən qurulması mərhələli şəkildə həyata keçiriləcək. Birinci mərhələdə kəndə qayıdacaq 1336 sakinin yaşayışını təmin etmək məqsədilə 315 fərdi ev tikiləcək. Məskunlaşma ərazisində həyətyanı sahəsi olan ümumilikdə 496 fərdi evin tikintisi təklif olunur. Bununla yanaşı, çoxmənzilli yaşayış binalarının inşası da planlaşdırılır.
Həmçinin kənd ərazisində inzibati bina, klub-icma mərkəzi, məktəb binası, bağça, xəstəxana, idman-sağlamlıq mərkəzi, hotel, ticarət və ictimai-iaşə obyektləri inşa olunacaq. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə baş planda kənd təsərrüfatı məhsullarının saxlanma anbarları, qablaşdırma və toxuculuq sexi, sənətkarlıq emalatxanaları, iri və xırda buynuzlu heyvanların saxlanıldığı fermalar və digər müəssisələr üçün ərazilər nəzərdə tutulub.
Soltanlı kəndi Cəbrayıl rayonunu ərazisində inşası başlanan artıq 5-ci yaşayış məntəqəsidir. Cəbrayıl şəhərindən sonra 2023-ci ilin mayında rayonun 3 kəndinin (Şükürbəyli, Horovlu, Xudafərin) təməli qoyulub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev diqqətə çatdırıb ki, 2026-cı ilə qədər Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə ümumilikdə 100 yaşayış məntəqəsinin bərpa olunması və təxminən 140 min nəfər əhalinin işğaldan azad olunmuş ərazilərə qayıtması nəzərdə tutulur. 100 yaşayış məntəqəsinin 68-i Şərqi Zəngəzur iqtisadi rayonuna aiddir.