25-26 noyabr tarixlərində Dövlət Turizm Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Meysəri kəndində 2-ci Üzüm və Şərab Festivalı keçirilib. İlk dəfə 2019-cu ildə keçirilən festival yerli üzüm və şərab istehsalının təşviqini, şərab məhsullarının ixrac potensialının artırılmasını hədəfləyir.

Şamaxı rayonunun Meysəri kəndində təşkil olunan festivalda 20-yə yaxın yerli şərab istehsalçısının məhsulları nümayiş etdirilib. Festivalda müxtəlif əyləncəli-musiqili proqramlar təşkil olunub.

Festival çərçivəsində noyabrın 25-də Dağlıq Şirvan RMİ və “Art Studio and Gallery Turan” yaradıcılıq studiyasının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən “İrsi izlər” adlı rəsm sərgisi açılıb. Şamaxı Yaradıcılıq Mərkəzində təşkil olunan sərgidə 28 gənc rəssamın əsərləri yer alıb. 

Açılış mərasimində Şamaxının icra başçısı Tahir Məmmədov, Dağlıq Şirvan RMİ-nin nümayəndəsi Nurtən Əkbərli, sərginin ideya müəllifi və kuratoru Turan Muxtarzadə çıxış edərək sərginin əhəmiyyətini qeyd ediblər.

Sonda rəssamlara Dağlıq Şirvan RMİ-nin fəxri fərmanları təqdim olunub.

N.Məmmədli