Polşanın Katovitsa şəhərində ən nüfuzlu musiqi yarışmalarından olan Q. Fitelberq adına XI Dirijorların beynəlxalq müsabiqəsi keçirilib. Görkəmli bəstəkar və Polşa Milli Radio Orkestrinin təməlini qoyan məşhur dirijor Fitelberqin şərəfinə adlandırılan müsabiqə ilk dəfə 1979-cu ildə təşkil edilib.

Xüsusi mürəkkəb proqramı və şərtləri ilə seçilən və on gün davam edən müsabiqə bu il Q. Fitelberqin 70 iliyinə həsr olunub.

Müsabiqəyə hazırlıq işləri artıq bir neçə ay əvvəldən başlayıb və bu ilin iyul ayında 218 nəfər namizədin arasından müxtəlif ölkələrdən 50 gənc dirijor seçilərək yarışmaya dəvət alıb. Polşanın aparıcı mədəniyyət qurumlarının təşkilati dəstəyi ilə keçirilən müsabiqənin əsas səhnəsi Sileziya Dövlət Filarmoniyasında qurulub. Xüsusi olaraq müsabiqənin açılış mərasimində iştirak etmək üçün dünyaşöhrətli opera ulduzu soprano Sonya Yonçeva Polşada maraqlı konsert proqramı ilə çıxış edib.

Müsabiqənin bütün üç mərhələsində gənc dirijorlar biri-birindən mürəkkəb əsərləri Sileziya Filarmonik orkestri ilə hazırlayaraq beynəlxalq münsiflər heyətinə təqdim edib. Tanınmış dirijor və prodüserlərdən ibarət münsiflər sırasında Azərbaycanı Akademik Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Əyyub Quliyev təmsil edib. Onunla bərabər müxtəlif musiqi kollektivlərinin - Varşava və Praqa Milli opera teatrlarının musiqi rəhbərləri, Berlin Filarmonik orkestrinin üzvləri, İspaniya və İngiltərədən musiqi agentliklərinin nümayəndələri, nüfuzlu musiqişünas və professorlar münsif olaraq istedadlı dirijorların seçimində iştirak ediblər.

Komissiyanın sədri olaraq Varşava Milli Opera Teatrının musiqi rəhbəri və baş dirijoru Patrik Furniye seçilib. Müsabiqənin son nəticələrinə görə, Jong-Ji Yin (Çin) I yerə ( 20000 avro), Sergey Simakov (Almaniya) 2-ci yerə və Mixail Merinq (İsrail) isə 3-cü yerə layiq görülüb. Müsabiqənin hər bir laureatına uyğun olaraq qızıl, gümüş və bürünc çubuqlar təqdim olunub.

Musiqisevərlər arasında böyük marağa səbəb olan müsabiqə telekanallar və Filarmoniyanın bütün platformalarında canlı olaraq yayımlanıb.