Mədəniyyət Nazirliyinin kitabxanalara işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticəsindən razı olmayan namizədlərin şikayətlərinə baxılması məqsədilə yaradılmış Apellyasiya komissiyasının iclasları keçirilib.

Noyabrın 24-də nazir müavini Fərid Cəfərovun sədrliyi və komissiyanın üzvləri – Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri Şahin Həsənov, Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsi Strateji inkişaf sektorunun müdiri Elgün Əliyev, Hüquq şöbəsinin məsləhətçisi Əsmər Məsimovanın iştirakı ilə 21 nəfər namizədin nəticələrinə yenidən baxılıb.

Namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilib, müsahibələrin videoçəkilişlərinə və sənədlərinə əsasən komissiya üzvlərinin hazırladığı rəylər müzakirə olunub.

Yekun olaraq 9 nəfərin müsahibə nəticəsi dəyişdirilib, 12 nəfərin müsahibə nəticəsi isə qüvvədə saxlanılıb.

Qərarlara əsasən, Məmmədova Gülarə Etibar qızı (12 bal), Nüsrətli Aytac Vüqar qızı (12 bal), Ələkbərova Gülarə Şirin qızı (12 bal), Musayeva Nərmin Valeh qızı (12 bal), Musazadə Pərvanə Səhrab qızı (12 bal), Xələfli Gülnar İkram qızı (12), Güləliyeva Afaq Məzahir qızı (12 bal), Kərimova Səbinə Nemət qızı (12 bal) və Sadıqzadə Lalə Vüqar qızının (12 bal) keçirilmiş müsahibə nəticələrinə dair müraciətləri təmin edilib.